Universitetlərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Universitetlərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb Müsabiqədə iştirak etmək üçün 16 808 abituriyent ixtisas seçimi edib
Elm və təhsil
20 Avqust , 2015 16:58
Universitetlərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb

Bakı. 20 avqust. REPORT.AZ/ Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) "Report"a verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri barədə məlumatı TQDK-nın internet saytından və iş nömrələrini bütün mobil operatorlardan 77 27 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 16 808 abituriyent ixtisas seçimi edib.

Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 572 nəfər, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 5 969 nəfər qəbul olub.

Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent" jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə"Abituriyent" jurnalının 10-cu sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə və tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər avqustun 21-dən 27-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri tədris müəssisəsinə göndərilməyəcək.

Son xəbərlər

Orphus sistemi