Təhsil nazirinin müavini: "Buraxılış imtahanlarının nəticələri bir o qədər də pis deyil"

Təhsil nazirinin müavini: "Buraxılış imtahanlarının nəticələri bir o qədər də pis deyil" "Rəqabət qabiliyyəti aşağı düşən zaman bu, orta bala təsir etməyə bilməz"
Elm və təhsil
11 Fevral , 2015 14:15
Təhsil nazirinin müavini: Buraxılış imtahanlarının nəticələri bir o qədər də pis deyil

Bakı. 11 fevral. REPORT.AZ/ "Heç bir təhsil sisteminin səviyyəsi onun orta məktəb müəlliminin səviyyəsindən yüksək ola bilməz". "Report" xəbər verir ki, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov "Abituriyent" jurnalının 12-ci sayının təqdimatında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, artıq Azərbaycan Dövlət Pedaqoji Universitetinə 360 balla müəllimlik ixtisasına üz tutan insanların sayı artıb: "Təbii ki, bu da bizi sevindirir. Bu o deməkdir ki, 2013-cü ilin oktyabrında imzalanmış "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda nəzərdə tutulan işlər öz nəticəsini verir".

Nazir müavini qeyd edib ki, 2014-cü ildə 500 baldan yuxarı toplayan 699 nəfər məhz müəllimlik ixtisaslarını seçib: "Onlar bu ixtisası ərizələrində məhz 1-ci və 2-ci yerdə yazıblar. Hesab edirəm ki, 4 ildən sonra onlar bakalavr səviyyəsini bitirdikdən sonra bəziləri böyük ehtimalla üzlərini magistraturaya tutacaqlar".

O, buraxılış imtahanlarının nəticələrinin “bir o qədər də pis olmadığını” deyib. Nazir müavininin sözlərinə görə, TQDK tərəfindən ümumi orta və tam orta təhsil səviyyəsində aparılan buraxılış imtahanlarının 2012-2014-cü illər üzrə dinamikası ondan ibarətdir ki, ilbəil artım müşahidə olunur: "Tam orta təhsil səviyyəsində göstəricilər daha yüksəkdir. Çünki burada xüsusi hazırlıq, valideynlərin bu işə böyük diqqəti və əlavə maliyyə vəsaitlərinin xərclənməsi durur.

Buraxılış imtahanlarının nəticələri təhlil olunduqda görünür ki, son 3 ildə 9-cu sinif səviyyəsində Azərbaycan məktəblərinin göstəriciləri 12 faiz artıb. Tam orta təhsil səviyyəsində isə 5,2% artıb. 11-ci sinif səviyyəsində bu artım var idi, amma 9-cu sinif səviyyəsi qədər deyildi. Orta təhsil səviyyəsində bu dinamika daha yüksəkdir. Əlimizdən gələni etməliyik ki, bu müsbət dinamika saxlanılsın.

Nazir müavini onu da vurğulayıb ki, yalnız 2007-2013-cü illər ərzində orta məktəb məzunlarının sayı 25 225 nəfər azalıb: "Qəbul planı isə 10 minə yaxın artıb. Başa düşməliyik ki, qəbul planı artdıqda bir yerə görə rəqabət qabiliyyəti aşağı düşür. Rəqabət qabiliyyəti aşağı düşən zaman bu, orta bala təsir etməyə bilməz".

Son xəbərlər

Orphus sistemi