Sonuncu buraxılış imtahanlarında XI sinif şagirdlərindən cəmi 18 nəfəri maksimum nəticə göstərə bilib

Sonuncu buraxılış imtahanlarında XI sinif şagirdlərindən cəmi 18 nəfəri maksimum nəticə göstərə bilib 18 124 şagirddən 868 nəfəri imtahana gəlməyib
Elm və təhsil
18 İyun , 2015 10:24
Sonuncu buraxılış imtahanlarında XI sinif şagirdlərindən cəmi 18 nəfəri maksimum nəticə göstərə bilib

Bakı. 18 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 16-da orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün keçirdiyi növbəti buraxılış imtahanlarının nəticələrini açıqlayıb. TQDK-dan "Report"a verilən məlumata görə, imtahanlar Xocavənd, İmişli, Füzuli, Beyləqan, Şirvan, Hacıqabul, Sabirabad, Biləsuvar, Neftçala, Salyan, Saatlı, Lənkəran, Astara, Lerik, Yardamlı, Cəlilabad və Masallıda yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində mərkəzləşdirilmiş qaydada aparılıb.

IX sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim olunub. Bundan əlavə, şagirdlər təqdim edilən mövzü üzrə yazı işi (inşa) yerinə yetiriblər. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 1,5 saat, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb. Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar .

İmtahanda iştirakı nəzərdə tutulan 21 191 şagirddən 717 nəfəri imtahana gəlməyib, 6 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 20 468 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 14 nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb.

XI sinif şagirdləri üçün buraxılış imtahanları test üsulu ilə ana dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 90 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlərə təqdim edilən mövzü üzrə yazı işi yerinə yetirmək təklif olunub. İmtahanın ümumi müddəti iki saat müəyyən edilib, test tapşırıqlarının yerinə yetirilməsinə 2 saat 15 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılıb. Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavabların sayı 8-dən, xarici dil (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) fənindən isə 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

İmtahanda iştirakı nəzərdə tutulan 18 124 şagirddən 868 nəfəri imtahana gəlməyib, 2 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 17 254 şagirdin imtahan nəticələri yerləşdirilib. İştirakçılardan 18 nəfəri maksimum nəticə göstərərək 90 bal toplayıb.

Son xəbərlər

Orphus sistemi