Nazir: "Misir Azərbaycan ilə təhsil sahəsində əməkdaşlığa dair sazişi yeniləmək istəyir"

Nazir: "Misir Azərbaycan ilə təhsil sahəsində əməkdaşlığa dair sazişi yeniləmək istəyir" Təxminən 100 misirli tələbə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alır
Elm və təhsil
29 Mart , 2016 13:09
Nazir: Misir Azərbaycan ilə təhsil sahəsində əməkdaşlığa dair sazişi yeniləmək istəyir

Qahirə. 29 mart. REPORT.AZ/ "Misir Azərbaycan ilə təhsil sahəsində əməkdaşlıq haqqında sazişin yenilənməsində maraqlıdır".

"Report" xəbər verir ki, bunu Misir ali təhsil naziri Əşrəf əş-Şiha adıçəkilən ölkədə olan azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

"2012-ci ildə təhsil sahəsində əməkdaşlıq sazişinin müddəti başa çatıb. Biz onun yenilənməsini istərdik", - deyə nazir bildirib.

Onun sözlərinə görə, təxminən 100 misirli tələbə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alır və onlardan 50-si artıq Misirə qayıdıb. Nazir vurğulayıb ki, bu tələbələr Azərbaycanda əsasən riyaziyyat, tibb, geologiya sahəsi üzrə təhsil alır.

O, həmçinin Misirdə təhsil alan azərbaycanlı tələbələrin sayının artacağına ümid etdiyini də qeyd edib.

Azərbaycan ali təhsil ocaqları ilə əməkdaşlıq barədə danışan Əşrəf əş-Şiha "ADA" Universiteti ilə saziş imzalanması üzərində iş aparıldığını bildirib: "Bu yaxınlarda Xəzər Universitetinin rektoru Misirə gəlmişdi. Onunla görüşümüzdə əməkdaşlığımızın perspektivlərini müzakirə etdik".

O, həmçinin Azərbaycan dilinin tədris olunduğu Misirin Ayn-Şəms Universiteti ilə Bakı Dövlət Universiteti arasında tələbə mübadiləsi haqqında razılaşma olduğunu da xatırladıb.

Nazir eyni zamanda azərbaycanlı həmkarı Mikayıl Cabbarovu Misirə dəvət etdiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi