Elmin İnkişafı Fondu və Rusiya Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq sazişi imzalanıb

Elmin İnkişafı Fondu və Rusiya Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq sazişi imzalanıb AMEA prezidenti Akif Əlizadənin gənc alimlər və Rusiyada təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
Elm və təhsil
18 May , 2016 10:31
Elmin İnkişafı Fondu və Rusiya Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq sazişi imzalanıb

Bakı. 18 may. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyaya səfər çərçivəsində bu ölkənin Fundamental Tədqiqatlar Fondunda (RFTF) olub.

Akademiyadan "Report"a verilən xəbərə görə, RFTF Şurasının sədri, akademik Vladislav Pançenko ilə keçirilən görüşdə fundamental elmlər sahəsində səmərəli birgə fəaliyyətin, Rusiya ilə Azərbaycan arasında texnoloji, sosial-iqtisadi sahələrdə yeni layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində AMEA, Prezident yanında Elmin İnkişafı Fondu (EİF) və Rusiya Fundamental Tədqiqatlar Fondu arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Akademik A.Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzində (BETİM) də olub.

Rəhbərlik etdiyi mərkəzin Azərbaycan ilə elmi və texniki sahələrdə sıx əməkdaşlıqda maraqlı olduğunu bildirən BETİM-in baş direktoru Gennadi Uqrinoviç informasiya mübadiləsi, elmi əlaqələrin yaradılması və digər istiqamətlərdə birgə layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.

G.Uqrinoviç Azərbaycan alimlərinin məqalələrinin mərkəzin nəşr etdirdiyi “İnformasiya və innovasiya” jurnalında dərc olunmasını təklif edib. Bunun ölkədə son illər əldə edilən elmi nailiyyətlər, innovasiya yenilikləri barədə məlumatların yayılması istiqamətində atılan növbəti bir addım olacağını vurğulayıb.

AMEA-nın prezidenti Azərbaycanda elmin və təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət proqramları və layihələr, dünyanın bir çox elmi mərkəzləri ilə qurulan sıx əlaqələr barədə məlumat verib.

Akademik A.Əlizadə Rusiyanın elmi institutları, o cümlədən Rusiya Elmlər Akademiyasının O.Şmidt adına Yerin Fizikası İnstitutu və Geologiya İnstitutu ilə bağlanan müqavilələr əsasında birgə tədqiqatların aparıldığını diqqətə çatdırıb.

AMEA-nın nümayəndə heyəti gənc alimlər və Rusiyada təhsil alan azərbaycanlı tələbələrlə də görüşüb.

Görüşdə akademik A.Əlizadə AMEA-da həyata keçirilən yeniliklərdən, struktur dəyişikliklərindən danışaraq bildirib ki, artıq 2015-ci ildən Akademiya təhsilin magistratura pilləsinə qəbul keçirir və bu ildən qəbul üzrə elmi istiqamətlərin sayı artırılıb.

Akademik AMEA-da yaradılmış yeni elmi institutların, xüsusilə Qafqazşünaslıq İnstitutunun Azərbaycan tarixinin, eləcə də Qafqaz regionu ilə əlaqələrin sistemli tədqiqinə şərait yaratdığını diqqətə çatdırıb.

Daha sonra akademik A.Əlizadə gənc alimlərin və tələbələrin suallarını cavablandırıb.

Son xəbərlər

Orphus sistemi