Azərbaycan dilinin orfoqrafiya lüğəti yenidən hazırlanacaq

Azərbaycan dilinin orfoqrafiya lüğəti yenidən hazırlanacaq Bu barədə qərar AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda keçirilən Orfoqrafiya Komissiyasının iclasında qəbul edilib
Elm və təhsil
19 Oktyabr , 2015 16:27
Azərbaycan dilinin orfoqrafiya lüğəti yenidən hazırlanacaq

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda akademik Tofiq Hacıyevin rəhbərliyi ilə Orfoqrafiya Komissiyasının iclası keçirilib. Bu barədə "Report"a İnstitutdan məlumat verilib.

İclasda son günlər orfoqrafiya lüğəti ilə bağlı ortaya çıxan məsələlər müzakirə olunub.

Dilçilik İnstitutunun direktoru, akademik T.Hacıyev bildirib ki, hər bir xalqın yazısında, dil mədəniyyətinin inkişafında orfoqrafiya qaydaları mühüm rol oynayır: "Bu baxımdan mətbuatda lüğətin bəzi qaydalarının mübahisə obyektinə çevrilməsi də təbiidir".

İclasda vurğulanıb ki, orfoqrafiya lüğətinin yenidən işlənməsi, verilən təkliflərin qiymətləndirilməsi, nöqsanların aradan qaldırılması üçün komissiya öz səylərini artırmalıdır.

Toplantıda çıxış edən komissiya üzvləri, o cümlədən indiki lüğətin redaktoru, professor İsmayıl Məmmədov bildirib ki, mövcud sözlük 110 min leksik vahidi əhatə edir: "Yeni nəşrdə isə süni yolla yaradılan sözlərin bir qismi lüğətdən çıxarılacaq".

Xatırladaq ki, Azərbaycan dilinin orfoqrafiya lüğətinin VI nəşri 2013-cü ildə çap olunub. Tofiq Hacıyev isə Dilçilik İnstitutunun direktoru vəzifəsinə 2014-cü ildə təyin edilib. Bundan sonra lüğətdəki qüsurları aradan qaldırmaq üçün xüsusi komissiya yaradılıb. 

Son xəbərlər

Orphus sistemi