Azərbaycanda 7 alim mükafatlandırılıb – SİYAHI

Azərbaycanda 7 alim mükafatlandırılıb – SİYAHI Mükafatları AMEA prezidenti, akademik Akif Əlizadə təqdim edib
Elm və təhsil
29 Aprel , 2015 13:07
Azərbaycanda 7 alim mükafatlandırılıb – SİYAHI

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən illik ümumi yığıncağında AMEA-nın 7 aliminə Azərbaycanın görkəmli alimlərinin adlarını daşıyan mükafatlar təqdim edilib. “Report” xəbər verir ki, bu il üçün AMEA-nın Nəsirəddin Tusi, Həsən bəy Zərdabi, Akademik Üzeyir Hacıbəyli, Akademik Mirəsədulla Mirqasımov, Akademik Yusif Məmmədəliyev, Akademik Musa Əliyev və Abbasqulu ağa Bakıxanov adına mükafatları üzrə müsabiqə keçirilib.

Beləliklə, AMEA prezidenti, akademik Akif Əlizadə 7 alimə mükafatları təqdim edib:

− Akademik Cəmil Əziz oğlu Əliyevə qara ciyərin subklinik patologiyasının onkoloji problemlərinin tədqiqi ilə bağlı fundamental elmi əsərlərinə görə AMEA-nın Akademik Mirəsədulla Mirqasımov adına mükafatı;

− Akademik Telman Abbas oğlu Əliyevə siqnalların küylərinin faydalı informasiya daşıyıcıları kimi robast analizi texnologiyalarının nəzəri əsaslarının yaradılması sahəsində silsilə elmi əsərlərinə görə AMEA-nın Nəsirəddin Tusi adına mükafatı;

− Akademik Musa İsmayıl oğlu Rüstəmova sənayedə katalitik kreking prosesinin inkişafına dair fundamental və tətbiqi elmi əsərlərinə görə AMEA-nın Akademik Yusif Məmmədəliyev adına mükafatı;

− Akademik Teymur Əmiraslan oğlu Bünyadova Azərbaycan etnoqrafiyasına həsr olunmuş çoxcildlik silsilə elmi tədqiqat əsərlərinə görə AMEA-nın Abbasqulu ağa Bakıxanov adına mükafatı;

− AMEA-nın müxbir üzvü Zemfira Yusif qızı Səfərova Azərbaycanın musiqi tarixinə və görkəmli bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr olunmuş tədqiqatlarına görə AMEA-nın Akademik Üzeyir Hacıbəyli adına mükafatı;

− Akademik Tariyel Hüseynəli oğlu Talıbova bioresursların tədqiqi ilə bağlı fundamental və tətbiqi elmi əsərlərinə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı;

− Geologiya-mineralogiya üzrə elmlər doktoru Məmməd İsa oğlu Çıraqova kristallokimya, mineralogiya və geokimya sahəsində silsilə əsərlərinə görə AMEA-nın Akademik Musa Əliyev adına mükafatı.

Son xəbərlər

Orphus sistemi