​"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan yay məktəbi layihəsi təqdim edilib

​"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan yay məktəbi layihəsi təqdim edilib Layihə Bakı, Lənkəran, Quba, Şəki və Gəncə şəhərlərini əhatə edən təhsil marafonudur
Elm və təhsil
13 İyul , 2016 12:50
​Azərbaycan üçün öyrət təhsil proqramı çərçivəsində təşkil olunan yay məktəbi layihəsi təqdim edilib

Bakı. 13 iyul. REPORT.AZ/ "Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan yay məktəbi layihəsi təqdim edilib.

"Report"un məlumatına görə, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, deputatlar, layihənin tərəfdaş qurumlarının nümayəndələri iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, layihə ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır: "Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır".

Deputat Hadı Rəcəbli deyib ki, "öyrət" mövzusunun qoyulması çox müdrik ideyadır. Layihə üçün seçilən mərkəzlər də tarixi yerlər-xanlıq ərazilərdir. O əlavə edib ki, uşaqların zəif nəticə göstərməsi onların özünün qavrama qabiliyyətindən, valideynlərin şagirdlərə göstərdiyi münasibətdən, uşaqların "internet" xəstəliyindən, məktəblərin maddi-texniki bazasından və s. amillərdən asılıdır.

Xatırladaq ki, yay məktəbi layihəsi Bakı, Lənkəran, Quba, Şəki və Gəncə şəhərləri əhatə edən təhsil marafonudur. Layihə çərçivəsində tanınmış ictimai şəxslərin iştirakı ilə ölkənin 5 bölgəsində akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri üçün hər biri iki gün olmaqla yay məktəbləri təşkil olunacaq. İyulun 21-dək davam edəcək layihə müddətində şagirdlər intellektual yarışlarda və fərdi inkişaf təlimlərində iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi