​"ADA" və Miçiqan universitetləri arasında anlaşma memorandumu imzalanıb

​"ADA" və Miçiqan universitetləri arasında anlaşma memorandumu imzalanıb Sənəddə bir sıra əməkdaşlıq məsələləri nəzərdə tutulub
Elm və təhsil
24 Fevral , 2015 19:41
​ADA və Miçiqan universitetləri arasında anlaşma memorandumu imzalanıb

Bakı. 24 fevral. REPORT.AZ/ "ADA" Universitetinin Təhsilin İdarə Edilməsi fakültəsi və Miçiqan Universitetinin Təhsil Kolleci arasında əməkdaşlıq barəsində anlaşma memorandumu imzalanıb.

"Report"un Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, memorandum "ADA" Universitetində yeni yaradılmış fakültə üçün müasir tələblərə cavab verən tədris proqramlarının hazırlanmasını, yüksək ixtisaslı professor-müəllim kadrların yetişdirilməsini, tələbə və müəllim mübadiləsini, birgə konfrans-seminarların təşkilini nəzərdə tutur.

İmzalama mərasimində iştirak edən təhsil naziri Mikayıl Cabbarov "ADA" Universitetində yaradılmış fakültənin təhsilin idarə edilməsi sahəsində ixtisaslı kadrların hazırlanması, ölkədə “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın məqsədlərinə nail olunması işinə təkan verəcəyinə inandığını bildirib.

Mərasimdə vurğulanıb ki, Təhsil Nazirliyi tərəfindən dəstəklənən bu əməkdaşlıq ölkədə təhsil sahəsində aparılan islahatlara öz müsbət təsirini göstərəcək.

Qeyd edək ki, fevralın 17-19-da Miçiqan Universitetinin Təhsil Kollecinin dekanı Donald Heller və Beynəlxalq Proqramlar direktoru Todd Drummondun iştirakı ilə "ADA" Universitetinin rəhbərliyi, müəllim və professorları arasında görüş keçirilib, ikitərəfli əməkdaşlıq və gələcək addımlar müzakirə olunub.

Görüşdə "ADA" Universitetinin rektoru Hafiz Paşayev təhsil və tədqiqat sahələrində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu əməkdaşlıq ikili dərəcə proqramlarının və birgə elmi araşdırmaların həyata keçirilməsinə yönəlməlidir.

Səfər çərçivəsində Bakı məktəblərinin müəllim və direktorları dekan Donald Hellerin “Müasir təhsilin meylləri” mövzusunda mühazirəsini dinləyib.

Qonaqlar "ADA" Universitenindəki həmkarları ilə birgə 132-134 nömrəli Təhsil Kompleksini ziyarət edib, müəllim heyəti ilə görüşlər keçirib.

Son xəbərlər

Orphus sistemi