57 yaşlı Azərbaycan vətəndaşı universitetə daxil olmaq üçün imtahan verəcək

57 yaşlı Azərbaycan vətəndaşı universitetə daxil olmaq üçün imtahan verəcək İmtahan respublikanın 11 şəhərində ümumilikdə 29 binada aparılacaq
Elm və təhsil
22 May , 2015 10:46
57 yaşlı Azərbaycan vətəndaşı universitetə daxil olmaq üçün imtahan verəcək

Bakı. 22 may. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 24-də ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək. TQDK-dan "Report"a verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 29 binada aparılacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat davam edəcək. Abituriyentlər imtahana özləri ilə 2 sənəd - şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahanda 15 224 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 12 785 nəfəri I qrup üzrə, 2 439 nəfəri IV qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 14 424 nəfəri (I qrup üzrə 12126 nəfər, IV qrup üzrə 2 298 nəfər) Azərbaycan bölməsinin, 800 nəfəri (I qrup üzrə 659 nəfər, IV qrup üzrə 141 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 9 264 nəfəri (I qrup üzrə 8 179 nəfər, IV qrup üzrə 1085 nəfər) oğlanlar, 5 960 nəfəri (I qrup üzrə 4 606 nəfər, IV qrup üzrə 1354 nəfər) isə qızlardır.

13 338 nəfər orta ümumtəhsil məktəblərinin, 226 nəfər ali təhsil müəssisələrinin, 1 660 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 38 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1958-ci ildən, ən gənci isə 1998-ci ildəndir.

Bakı şəhərində 7 514, Naxçıvanda 801, Gəncədə 1 808, Sumqayıtda 1 272, Mingəçevirdə 531, Şəkidə 581, Ağcabədidə 406, Göyçayda 549, Şirvanda 445, Lənkəranda 744, Xaçmazda isə 573 abituriyentin imtahan verəcəyi gözlənilir. İmtahanların idarə olunmasına 106 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 1271 nəzarətçi-müəllim cəlb olunacaq.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin (həm əvvəlki, həm də cari ilin məzunları) ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.   

Son xəbərlər

Orphus sistemi