​Akademik Nizami Cəfərov mövcud orfoqrafiya lüğətini hazırlayanlara irad bildirib

​Akademik Nizami Cəfərov mövcud orfoqrafiya lüğətini hazırlayanlara irad bildirib "Yaxşı eləmisən, çox sağ ol, amma hər bir işin öz qanunauyğunluqları, öz prinsipləri var"
Elm və təhsil
14 Mart , 2016 13:39
​Akademik Nizami Cəfərov mövcud orfoqrafiya lüğətini hazırlayanlara irad bildirib

Bakı. 14 mart. REPORT.AZ/ "Orfoqrafiya lüğətin "ab" sözüylə başlaya bilməz. Ardınca "aba", "abadan" gələ bilməz. Başlaya bilər, əgər o "ab" sözü sənin dilində varsa".

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində "İşlək orfoqrafiya lüğəti" və hazırda istifadədə olan "Azərbaycan dilinin orfoqrafiya lüğəti" ndə çıxarılan sözlərin təsnifatının müzakirəsi zamanı akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, "Orfoqrafiya lüğəti" nədir və necə olmalıdır, məsələsi müzakirə olunmalı və müəyyənləşdirilməlidir: "Lüğət məsələsində heç də az əhəmiyyət kəsb etməyən vətənpərvərlik məsələsi, bir ictimai şüur faktoru var. İkincisi, burada baxırsan ki, lüğət "Orfoqrafiya lüğəti" prinsiplərinə uyğun tərtib olunmayıb. Bizdə belə bir şey var, nəyisə müzakirə edəndə, biz mətləbi qoyuruq bir kənara, başlayırıq ki, mən ömrümü bu işi tədqiq etməyə həsr eləmişəm. Yaxşı eləmisən, çox sağ ol, amma hər bir işin öz qanunauyğunluqları, öz prinsipləri var".

O xatırladıb ki, Azərbaycanda orfoqrafiya qaydaları əllinci illərdən müzakirə olunmağa başlanıb. 1958-ci ildə ilk "Orfoqrafiya lüğəti"i çıxıb: "Bu lüğət öz dövrü üçün müasir bir kitab idi. Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında tərtib edilmiş o lüğətdə 40 min söz var idi. Sonra 60 min, daha sonra 80 min sözdən ibarət lüğətlər tərtib edildi. Sonra bu sözlərin sayı gəlib çıxdı 100 mindən çox sözə. Mən inanmıram ki, o sözlərin hamısı dilin özünün yaratdığı yeni sözlərdir. Burda prinsip nə oldu: bir az qondarma sözlər artırdılar, bir az dialekt sözlər, bir az hallanma artırıldı. Hallanma, ümumiyyətlə, orfoqrafiya lüğəti deyilən bir kitabda olmamalıdır. Dünyanın hansı lüğətini açırsınız-açın, orda belə şey yoxdu. "Abad", "abadlaşmaq", "abadanlaşmaq", "abadanlaşdırmaq" və sair və ilaxır. Əgər bütün sözləri hallandırsaq, onda 100 000 yox, bir milyon söz əmələ gələcək. Lüğətdən çıxarılması vacib bilinən bu sözlərin hamısı ordan çıxarılmalıdır".

N.Cəfərov vurğulayıb ki, orfoqrafiya qaydalarına diqqətlə yanaşılmalıdır. 1958-ci ildə çıxan lüğətin çox mükəmməl lüğət olduğunu deyən akademik, lüğətdəki bəzi qaydaların sonradan xeyli ixtisar edildiyini, onların arasında gərəkli qaydaların olduğunu da vurğulayıb.

Akademik deyib ki, sonrakı dövrlərdə lüğət tərtibatı tam məsuliyyətsiz bir prosesə çevrilib: "Əsas prinsip, sözlərin sayının artırılması oldu. İndi ortaya kitab qoymaq lazımdır. Mərkəz o səlahiyyətin sahibidir ki, bu işi müstəqil şəkildə həyata keçirsin. Və təklifim budur ki, yeni lüğətin yeni orfoqrafiya qaydaları tərtib edilsin: hansı sözlər, söz kökləri daxil olunur, söz yaradıcılığı daxil olunmur. Son sözüm budur ki, lüğətdən çıxarılan sözlər və onların çıxarma prinsipləri çox düzdür".

Qeyd edək ki, müzakirədə "İşlək orfoqrafiya lüğəti"inin istifadə qaydalarını müəyyən edəcək ön sözün hazırlanması və işə, dil və lüğət sahəsində təcrübəsi olan mütəxəssislərin cəlb edilməsi qərara alınıb.

Son xəbərlər

Orphus sistemi