Azərbaycanın su hövzələrində balıq ehtiyatının azalmasının səbəbləri açıqlanıb

Azərbaycanın su hövzələrində balıq ehtiyatının azalmasının səbəbləri açıqlanıb İsmayıl Yunusov: "Balıqların sayının azalmasının səbəbi təkcə qanunsuz ov deyil"
Ekologiya
23 Oktyabr , 2015 12:56
Azərbaycanın su hövzələrində balıq ehtiyatının azalmasının səbəbləri açıqlanıb

Bakı. 23 oktyabr.REPORT.AZ/ "Xəzər dənizinin Azərbaycana aid olan hissəsində, Kür çayında körpə balıqların kütləvi şəkildə azalmasının əsas səbəblərdən biri Mingəçevir Su Anbarı ilə Kür çayının birləşdiyi yerdə tikilən Su Elektrik Stansiyasının suötürücü qapılarının ön hissəsində balıq keçirməyən xüsusi qurğuların inşa edilməməsidir". Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin aparıcı müfəttişi İsmayıl Yunusov deyib.

O bildirib ki, balıq körpələri adaptasiya dövrünü keçmək üçün Kür çayının mənsəbinə buraxılır: "Bunun məqsədi kiçik balıqların orada adaptasiya dövrünü keçib, sonra axıb Xəzər dənizinə keçməsidir. Nərəüzlü balıqlar çoxalmaq üçün mütləq şirin su hövzələrinə, Kür çayına, Araz çayına daxil olmalıdır. Kürün üzərində anbar və stansiya tikilən zaman təbiətə ziyan vurmamaq məqsədi ilə işlər görmək lazım idi. Balıq keçirici qurğular qurulmalı idi. Balıq bənddən öz axını ilə balıq keçirici qurğulardan keçməli və öz istiqamətində hərəkət etməlidir".

Nazirlik rəsmisinin sözlərinə görə, Yuxarı Qarabağ və Yuxarı Şirvan su kanallarının başlanğıcında balıq keçirməyən qurğuların tikilməməsi də balıq ehtiyatına böyük ziyan vuran amillərdəndir: "Balıq qoruyucu avadanlıqların olmaması ən böyük bəlalarımızdan biridir. Sugötürücü, suburaxıcı qurğularda balıq qoruyucu avadanlıqlar olmağı mütləqdir. Çünki balıqlar Mingəçevir Su Elektrik Stansiyasının suötürücü qapılarından sürətlə keçən suda dəmir-beton divarlara çırpılaraq əzilir, kəsilir və pulcuqları tökülür. Yəni balıqların sayının azalmasının səbəbi təkcə qanunsuz ov deyil".

Kür boyu hər kilometrdən bir təsərrüfatları suvarmaqdan ötrü istifadə olunan su nasosları qurulub deyən İ.Yunusov bildirib ki, ildə 2-3 min ton körpə balıq bu kanallar vasitəsilə su anbarından çıxaraq suvarılan ərazilərdə tələf olurlar: "Nasoslar çaydan, anbardan böyük həcmli su kütləsi götürür. Təbii ki, təsərrüfatı sulamaq vacib məsələdir. Amma balıq qoruyucu qurğudan istifadə etmək şərtdir. Həmin avadanlığı quraşdırıb onun vasitəsi ilə su çəkilsə bu çox müsbət nəticə verər və balıqların sayının azalmasının qarşısı alınar. Bu qurğular elə qurulur ki, ona nə balıq, nə balıq körpəsi, hətta balığın kürüsü belə yaxın gəlmir və nəticədə balıq ehtiyatına zərər dəymir".

İ.Yunusov qeyd edib ki, qiymətli balıq ehtiyatı bu gün diqqətdən kənar qalmamalı, əksinə qorunmalıdır: "Mingəçevir Su Elektrik Stansiyasının işçiləri anbardakı suyun səviyyəsini tənzimləyərkən balıqların kütləvi şəkildə qırılması təhlükəsini nəzərə almalı və mütəxəssislərlə məsləhətləşməlidirlər. Adətən payız-qış aylarında köç edən balıqlar su anbarından Kür çayına və suvarma kanallarına keçərkən suötürücü qapılara, hündür beton divarlara və dəmir dirəklərə çırpılaraq məhv olur" .

Onun sözlərinə görə, hazırda su hövzələrində balıq keçirməyən xüsusi qurğuların inşa edilməsi işi istiqamətində işlər aparılır: "Nazirlik cərimələrin tətbiqi ilə yanaşı, xəbərdarlıqlar edir". 

Son xəbərlər

Orphus sistemi