Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, sonuncu zəvvar qrupunun isə iyunun 10-da yola salınması planlaşdırılır.
QMİ rəsmisi həmçinin deyib ki, Azərbaycandan Həcc ziyarətinə ayrılan 1500 nəfərlik kvotanın dolmasına az qalıb.
Qeyd edək ki, Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.
Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.