Masallı dindarları Nardaran hadisələrilə bağlı müraciət qəbul ediblər

Masallı dindarları Nardaran hadisələrilə bağlı müraciət qəbul ediblər "Baş verən hadisələri pisləməklə ölkəmizdəki əmin-amanlığa, sabitliyə qarşı yönələn cinayətlərin törədicilərinə ciddi cəza verilməsini tələb edirik"
Din
1 Dekabr , 2015 17:41
Masallı dindarları Nardaran hadisələrilə bağlı müraciət qəbul ediblər

Bakı. 1 dekabr. REPORT.AZ/ Masallı bölgəsində yaşayan ictimaiyyət nümayəndələri noyabrın 30-da Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı müraciət qəbul ediblər. Bu barədə "Report"a Dini Qurumlarala İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat verilib. 

Müraciətdə deyilir: "Özünü “Müsəlman Birliyi Hərəkatı” adlandıran qondarma qurumun təxribat əməlləri cəmiyyətdə birmənalı olaraq qəzəblə qarşılandı. Ekstremistlərin bu hərəkəti rayonumuzun ictimaiyyəti tərəfindən hiddətə səbəb olmuş, xəyanətkarların hərəkəti pislənilmişdir.

Biz masallılar da ölkəmizin ictimai-siyasi sabitliyinə, tolerantlıq mühitinə, dövlət-din münasibətlərinə, hüquqi-demokratik əsaslarına qarşı yönəlmiş pozuculuq fəaliyyətini din pərdəsi altında həyata keçirmək cəhdlərini Vətənə xəyanət adlandırırıq.

Masallı sağlam düşüncəli insanların, görkəmli ziyalıların, tarixi şəxsiyyətlərin, elm, təhsil, mədəniyyət xadimlərinin, sayılıb-seçilən ağsaqqalların yurdudur. Azərbaycançılıq məfkurəsinə, milli-dövlətçiliyə, Ümummilli Liderin siyasi xəttinə sədaqət hissi vətənpərvərlik və milli-mənəvi dəyərlərimizə varislik ənənəsi hamımızın qəlbində yaşayır. Tariximizin parlaq səhifəsində adları şərəflə çəkilən qəhrəmanlarımızın cərgəsində Masallı övladlarının olması qürur doğurur. Fəxr edirik ki, dövlətçiliyimizin, torpaqlarımızın bütövlüyü uğrunda müqəddəs mübarizədə Milli Qəhrəmanlarımız, şəhidlərimiz var.

İslam dini bizə “Vətəni sevmək imandandır” fikrini, mənəviyyatını təlqin edir. Bu mənada dövlətə, hakimiyyətə qarşı çıxan, əmin-amanlığımızı, xoş güzəranımızı gözü götürməyənlər din pərdəsi altında məkrli hərəkətlərə yol verənlər cinayətkardırlar. Azərbaycanda vətəndaş həmrəyliyi, dini tolerantlıq mövcuddur və bu bütün dünyaya nümunə olacaq dərəcədədir. Ölkəmizdə sabitliyin, təhlükəsizliyin təmin edilməsi dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirir və bu istiqamətdə davamlı tədbirlər həyata keçirir. Bu fakt inkaredilməzdir ki, uğurlarımızı həzm edə bilməyən xarici antiazərbaycan qüvvələr ölkəmizdə ictimai-siyasi asayişi pozmaq üçün daim cəhdlər göstərsə də, bunun qarşısı qətiyyətlə alınır.

Nardaranda baş verən hadisələr xarici dairələrin göstərişilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq və qarşıdurma yaratmaq istəyən radikal ekstremistlərin əsl simasını xalqa bir daha göstərdi. Ayrı-ayrı dövlətlərin sifarişlərini yerinə yetirmək məqsədi daşıyan bu təxribatın hüquq-mühafizə orqanları tərəfindən qarşısı alındı. Xarici dairələrin məkrli niyyətinin alətinə çevrilən müəyyən qrup şəxslərin dövlətçiliyimizə yönələn cinayətlərini biz Masallı ictimaiyyəti - dindarlar, ziyalılar, ağsaqqallar qınayırıq. Bu cür qurumların bütün üzvləri ifşa edilərək məsuliyyətə cəlb edilməlidir. Bu bizim vətəndaşlıq mövqeyimizdir. Masallılar bütün məqamlarda olduğu kimi indi də, bundan sonra da dövlətçiliyimizin ətrafında sıx birləşəcək və belə qruplara qarşı kəskin mübarizə aparacaqlar. Baş verən hadisələr bir daha onu təsdiqləyir ki, beynəlxalq aləmdə sabitlik diyarı kimi tanınan Azərbaycanda ictimai sabitliyi pozmaq, tolerant ölkə imicinə zərbə vurmaq qeyri-mümkündür. Xalq-iqtidar birliyinin möhkəm, sarsılmaz olduğu ölkədə hansısa beynəlxalq gücün, hansısa dövlətin dövlətçiliyimizə, müstəqilliyimizə təcavüz cəhdlərinə yol verilə bilməz.

Biz masallılar baş verən hadisələri pisləməklə ölkəmizdəki əmin-amanlığa, sabitliyə qarşı yönələn cinayətlərin törədicilərinə ciddi cəza verilməsini və cəzalandırımasını tələb edirik".

Mirqiyas Təhməzov – Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı

Cavanşir Əsədov – Ağsaqqallar Şurasının sədri

Mirkərim Əliyev - din xadimi

Məmmədhüseyn Həsənov – Prezident təqaüdçüsü

Qardaş Fətullayev – Ziyalılar Cəmiyyətinin sədri

Atabala Hacıyev – müharibə veteranı

Camal Manafov – Gənclər və İdman İdarəsinin rəisi

Mirqabil Hüseynov – 1 nömrəli şəhər tam orta məktəbinin direktoru

Məmmədağa Şiriyev – MƏSQ rayon təşkilatının sədri

Nəriman Qafarov-ağsaqqal

Məhərrəməli Əbilov - Aşurlu dini icmasının sədri

Nəcəfqulu Quliyev- Hacıtəpə dini icmasının sədri

Səxavət Mirzəyev – Qızılavar “Peysə” məscidi dini icmasının sədri

Əli Qasımov- Ərkivan “Göllü” məscidi dini icmasının sədri

Vaqif Mikayılov- Dadva məscidi dini icmasının sədri

Oruc Qurbanov- Çaxırlı məscidi dini icmasının sədri

Rəbbi Kərimov- Eminli məscidi dini icmasının sədri

Ramil Şahbazov- Sığıncaq məscidi dini icmasının sədri

Əliman Hüseynov- Ərəb məscidi dini icmasının sədri

Etibar Sadıqov- Bağıroba məscidi dini icmasının sədri 

Son xəbərlər

Orphus sistemi