​DQİDK rəsmisi: "Dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir"

​DQİDK rəsmisi: "Dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir" "Dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır"
Din
2 İyun , 2016 18:48
​DQİDK rəsmisi: Dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir

Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Masallı Rayon Mədəniyyət Mərkəzində “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar və Cəbrayıl rayon prokurorları, Daxili İşlər və Ədliyyə nazirlikləri, Dövlət Təhlükəsizliyi Xidməti və DQİDK-nın yerli strukturlarının rəhbərləri, ziyalılar, dindarlar iştirak ediblər.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən və bütün dünyaya örnək ola biləcək tolerantlıq mühitindən danışıb.

Seminar-müşavirədə çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov diqqəti din pərdəsi altında aparılan münaqişələrə cəlb edərək bildirib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir. İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla, onun gözdən salınmasına yönələn siyasət həyata keçirilir. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır.

Səyavuş Heydərov deyib ki, dünyanın belə bir böhranlı dövründə Azərbaycanda qlobal təhlükəsizlik məsələləri müzakirə olunur, tolerantlıq təbliğ edilir. Azərbaycan bu gün dünyada təkcə enerji təhlükəsizliyi deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərinə də töhfə verən ölkəyə çevrilib.

Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov çıxışında bildirib ki, bəzi qrupların din pərdəsi altında Azərbaycanın ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına yönələn pozuculuq fəaliyyətləri müşahidə olunur. Bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən tədbirlər həyata keçirilir.

Çıxışlarda vurğulanıb ki, dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir. Bu mübarizədə hər bir Azərbaycan vətəndaşı, xüsusilə ziyalılar və dindarlar fəallıq göstərməlidirlər.

Seminar-müşavirənin sonunda mövzu ilə bağlı təkliflər verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi