Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub
Din
26 May , 2015 18:11
Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb

Bakı. 26 may. REPORT.AZ/ Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi qəbul edib.

QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, QMİ sədri iki ölkə arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi sahədə də qarşılıqlı əlaqələrin inkişaf səviyyəsindən məmnunluğunu bildirib. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin müdrik dövlətçilik təcrübəsi sayəsində Azərbaycan və Qazaxıstanın siyasi, iqtisadi, sosial sahələrdə qazandığı uğurlarına ürəkdən şad olduğunu bildirən A.Paşazadə hər dəfə qazax torpağına etdiyi səfərləri zamanı sürətli inkişafın şahidi olduğunu səfirin diqqətinə çatdırıb.

Azərbaycanda milli-mənəvi dəyərlərin dirçəldilməsi və tarixi-mədəni irsin qorunması yönündə görülən böyük miqyaslı işlər barədə səfiri məlumatlandıran QMİ sədri dinlərarası dialoq işinə də ali diqqət göstərildiyini, dövlətin bu sahədə də lider rol oynadığını, qlobal əhəmiyyətli təşəbbüslərlə çıxış etdiyini qeyd edib.

Daha sonra Şeyxülislam qonağı Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyəti və dinlərarası dialoq prosesində iştirakı barədə məlumatlandırıb.

Səfir Prezident N.Nazarbayevin Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin şəxsiyyətinə yüksək dəyər verdiyini, onu həqiqi lider kimi səciyyələndirdiyini xüsusi vurğulayıb. Ümummilli liderin bünövrəsini qoyduğu müdrik dövlətçilik siyasətini hazırda layiqli şəkildə davam etdirən Prezident İ.Əliyevin Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində də səylərindən razılıqlarını bildirib.

Beybit İsabayev Şeyxülislamın şəxsiyyətinə böyük dəyər verdiyini, Azərbaycanda ilk olaraq ziyarət etdiyi məqamlardan biri kimi onun xeyir-duasını almağı özü üçün vacib saydığını bildirib. QMİ sədrinin təkcə Azərbaycan deyil, region dövlətlərində böyük nüfuz sahibi olduğunu qeyd edən səfir Qafqazın müdrik ağsaqqalının bu yaxınlarda Qazaxıstanın paytaxtında keçiriləcək Dünya və ənənəvi dinlərin liderlərinin V Qurultayında iştirak qərarından məmnunluğunu diqqətə çatdırıb.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

Son xəbərlər

Orphus sistemi