Bakı. 10 dekabr. REPORT.AZ/ Rusiyanın Suriyada keçirdiyi hava əməliyyatları nəticəsində 97-si uşaq, 69-u qadın olmaqla, 403 dinc sakin həyatını itirib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı bildirib.
Təşkilatın məlumatına görə, Rusiyanın hava əməliyyatları nəticəsində İŞİD, "Ən-Nusra Cəbhəsi" "Əhrar əl-Şam", Suriya Azadlıq Ordusu və başqa silahlı qüvvələrin 381 döyüşçüsü öldürülüb.
Xəbərə əsasən, Rusiya 25 bin dollar dəyəri olan "OFAB 250-270", "OFAB 250-500"," OFAB 100-120" tipli ucuz, çirkli və idarə edilməyən bombalardan istifadə etdiyi üçün həyatını itirən dinc sakinlərin sayı çoxdur.
Təşkilatın hesabatında qeyd olunub ki, 2014-cü ilin sentyabrından 2015-ci ilin noyabrınadək ABŞ-ın rəhbərliyi altında koalisiya qüvvələrinin hava əməliyyatları nəticəsində 250 dinc sakin həyatını itirib. Məlumata görə, onların 66-sı 8 yaşdan, 44-ü isə 18 yaşdan kiçikdir. Hesabatda koalisiyanın 14 aylıq əməliyyatları nəticəsində İŞİD qruplaşmasının 3 547, "Ən Nusra Cəbhəsi"nin 136 silahlısı zərərsizləşdirilib.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi keçirdikləri hava əməliyyatları nəticəsində dinc sakinlərin ölmədiyini bildirir.