Bakı. 30 aprel. REPORT.AZ/ Keniya prezidenti Uxuru Kenyatta paytaxt Nayrobidə çökən binanın sahibini həbs etməyi əmr edib.
Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.
Yaşayış binası leysan yağışlar və daşqınlar nəticəsində çöküb, nəticədə ən azı 7 nəfər həlak olub. Ekspertlər iddia edirlər ki, ötən ilki yoxlamalara əsasən, Nayrobidəki binaların yarısı qəzalı vəziyyətdədir.
Yerli hökumət orqanları bildirib ki, çökən ev cəmi iki il əvvəl inşa olunub, lakin tikinti zamanı keyfiyyət tələblərinə riayət olunmayıb.
Müxtəlif məlumatlara görə, ev altı və ya yeddi mərtəbəli olub.
Hadisə yerində olan prezident Kenyatta qeyd edib ki, dağılan evin yaxınlığında yerləşən binalar da təhlükəlidir və sakinlərə evlərini tərk etmələri üçün müraciət edib.
Faciə yerində xilasetmə işləri davam edir. Dağıntılar altından 121 nəfər xilas edilib.