İyunun 9-na Danimarka Hərbi Hava Qüvvələrinin “Olborq” bazasında keçirilməsi planlaşdırılan “Danish Air Show” aviaşousu baş tutmayacaq.
“Report” TASS-a istinadən xəbər verir ki, adətən, çoxlu tamaşaçı toplayan tədbirin ləğvi barədə qərarı krallığın Silahlı Qüvvələrinin rəhbərliyi qəbul edib və tədbirin ləğv edilməsinin səbəbi kimi xərclərə qənaət göstərilib.
Xatırladaq ki, sonuncu dəfə 2018-ci ildə keçirilmiş aviaşounu izləmək üçün 130 min insan toplaşmışdı.
Məlumata görə, aviaşou 2025-ci il iyunun 15-nə təxirə salınıb.
“Ümid edirik ki, 2025-ci ildə təqdim edə biləcəyimiz məhsul gözləntilərə dəyəcək. Yadda saxlamalıyıq ki, ortada qürur məsələsi var. Biz bu şounu keçirəcəyik”, - mətbuatla əlaqələr üzrə zabit Morten Valentin “TV2”yə açıqlamasında bildirib. O, eyni zamanda əlavə edib ki, müasir dünyada heç nəyi tam əminliklə demək olmaz.
Qeyd edək ki, “Danish Air Show” döyüş və nəqliyyat təyyarələrinin və helikopterlərinin, habelə xarici hərbi təyyarələrin yerdə və havada nümayiş etdirildiyi krallığın ən böyük hərbi-hava tədbiridir. Bu il onun ləğvi parlament partiyalarının növbəti 10 il ərzində orduya əlavə olaraq təxminən 200 milyard kron (28,8 milyard ABŞ dolları) vəsaitin ayrılacağını təsdiqləməsi, lakin əvvəlki razılaşmaya əsasən, Silahlı Qüvvələrin qənaət rejimi tətbiq etməli olması ilə əlaqədardır.