Bakı. 2 avqust. REPORT.AZ/ Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) son yeddi ayda 4 027 miqrantın öldüyünü açıqlayıb.
"Report" "Milliyet"ə istinadən xəbər verir ki, qurumdan həmçinin son on gündə Liviya sahillərində dalğaların gətirdiyi 120 meyitin tapıldığı vurğulanıb.
Təşkilatın sözçüsü Joel Millman isə dünyasını dəyişənlərdən 3/4-nün Avropaya getmək istəyərkən Aralıq dənizində boğulduğunu bildirib: "Ötən ilin eyni dövrü ilə müqayisədə dünyada miqrant ölümü 35 faiz artıb".
Eyni zamanda, İtaliya son iki gündə 3 mindən çox miqrantın Aralıq dənizində ölümdən xilas olunduğunu açıqlayıb.