​Ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formaları müəyyən edilib

​Ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formaları müəyyən edilib Nazirlər Kabineti onların təsdiq edilməsi haqqında qərar qəbul edib
Daxili siyasət
11 Avqust , 2016 02:25
​Ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formaları müəyyən edilib

Bakı. 11 avqust. REPORT.AZ/ Nazirlər Kabineti “Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Qaydası”nın və lisenziya, ümumi lisenziya, xüsusi lisenziya blanklarının və əlavələrinin formalarının təsdiq edilməsi haqqında qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Lisenziya blanklarının və əlavələrinin hazırlanmasına sifarişin verilməsi,onların bölgüsünün həyata keçirilməsi, blanklardan istifadənin uçotunun və hesabatının aparılması

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.8-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və lisenziya blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsünün həyata keçirilməsi, lisenziya əlavələrinin tərtib olunması, blanklardan istifadənin uçotunun və hesabatının aparılması qaydasını müəyyən edir.

1.2. Lisenziya blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü, blanklardan istifadənin uçotunun və hesabatının aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən həyata keçirilir.

2. Lisenziya blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü və lisenziya əlavələrinin tərtib edilməsi

2.1. Lisenziyaverən orqanlar növbəti il üçün lisenziya blanklarının hazırlanması ilə əlaqədar tələb olunan lisenziya blanklarının miqdarı barədə hər il may ayının 1-dək Nazirliyə rəsmi müraciət edirlər.

2.2. Nazirlik növbəti il üçün tələb olunan lisenziya blanklarının miqdarını müəyyən etdikdən sonra lisenziya blanklarının təsdiq edilmiş formalara uyğun hazırlanması üçün podratçıya sifariş verir.

2.3. Lisenziya blanklarının hazırlanması hər ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilir.

2.4. Hazırlanmış lisenziya blankları lisenziya verən orqana onun rəsmi müraciəti əsasında bu Qaydanın 2.1-ci bəndinə əsasən tələbata uyğun olaraq verilir.

2.5. Lisenziya blankları lisenziya verən orqanın rəsmi müraciətində göstərdiyi və həmin orqanı etibarnamə əsasında təmsil edən vəzifəli şəxsə təhvil-təslim aktı ilə verilir. Təhvil-təslim aktı 2 (iki) nüsxədə tərtib edilir, nüsxələrdən biri Nazirlikdə saxlanılır, digəri isə lisenziya verən orqanı etibarnamə əsasında təmsil edən vəzifəli şəxsə verilir.

2.6. Lisenziya blanklarının verilməsi barədə Nazirlik tərəfindən lisenziya blanklarının bölgüsü kitabında aşağıdakılar qeyd olunur:

2.6.1.lisenziya blanklarınınverildiyilisenziyaverənorqanın adı;

2.6.2. verilən lisenziya blanklarının sayı və seriya nömrələrinin aralığı;

2.6.3. lisenziya blanklarını təhvil verən Nazirliyin vəzifəli şəxsinin soyadı, adı, atasının adı və vəzifəsi;

2.6.4. lisenziya blanklarını təhvil alan lisenziya verən orqanın vəzifəli şəxsinin soyadı, adı, atasının adı və vəzifəsi;

2.6.5. lisenziya blanklarının verilməsi barədə lisenziya verən orqanın müraciət məktubunun tarixi və nömrəsi;

2.6.6. lisenziya blanklarını təhvil alan lisenziya verən orqanın vəzifəli şəxsinə verilmiş etibarnamənin tarixi və nömrəsi;

2.6.7. lisenziya blanklarının verilməsi ilə bağlı təhvil-təslim aktının tarixi və nömrəsi.

2.7. Lisenziya blanklarının bölgüsü kitabı hər səhifəsi nömrələnməklə qaytanlanır, Nazirliyin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.

2.8. Lisenziya əlavələri təsdiq edilmiş formalara uyğun olaraq lisenziyaverən orqan tərəfindən tərtib edilərək, A4 formatında olan kağız vərəqlərində çap edilir.

3. Lisenziya blanklarından istifadənin uçotunun və hesabatının aparılması

3.1. Lisenziyaverən orqan lisenziya blanklarından istifadə olunması barədə rüblük hesabatı hər rübdən sonrakı ayın 10-dək məktubla Nazirliyə təqdim edir. Hesabatda bu Qaydanın 3.3.1-ci, 3.3.3-cü və 3.3.4-cü yarımbəndlərində nəzərdə tutulan məlumatlar əks olunur.

3.2. Korlanmış və ya zədələnmiş lisenziya blankları lisenziya verən orqanın məktubunda göstərdiyi və həmin orqanı etibarnamə əsasında təmsil edən vəzifəli şəxsdən təhvil-təslim aktı ilə alınır. Təhvil-təslim aktı 2 (iki) nüsxədə tərtib olunur, nüsxələrdən biri Nazirlikdə saxlanılır, digəri isə lisenziya verən orqanı etibarnamə əsasında təmsil edən vəzifəli şəxsə verilir.

3.3. Lisenziya blanklarından istifadə olunması ilə bağlı Nazirlik tərəfindən lisenziya blanklarından istifadənin uçotu kitabında aşağıdakılar qeyd edilir:

3.3.1. lisenziya blanklarını istifadə etmiş lisenziya verən orqanın adı;

3.3.2. lisenziya blanklarından istifadə olunması barədə hesabatın təqdim olunmasına dair lisenziya verən orqanın məktubunun tarixi və nömrəsi;

3.3.3. rəsmiləşdirilmiş lisenziya blanklarının sayı və seriya nömrələrinin aralığı;

3.3.4. korlanmış və ya zədələnmiş lisenziya blanklarının sayı və seriya nömrələrinin aralığı;

3.3.5. korlanmış və ya zədələnmiş lisenziya blanklarını təhvil verən lisenziya verən orqanın vəzifəli şəxsinin soyadı, adı, atasının adı və vəzifəsi;

3.3.6. korlanmış və ya zədələnmiş lisenziya blanklarını təhvil verən lisenziya verən orqanın vəzifəli şəxsinə verilmiş etibarnamənin tarixi və nömrəsi;

3.3.7. korlanmış və ya zədələnmiş lisenziya blanklarını təhvil alan Nazirliyin vəzifəli şəxsinin soyadı, adı, atasının adı və vəzifəsi;

3.3.8. korlanmış və ya zədələnmiş lisenziya blanklarının verilməsi ilə bağlı təhvil-təslim aktının tarixi və nömrəsi.

3.4. Lisenziya blanklarından istifadənin uçotu kitabı hər səhifəsi nömrələnməklə qaytanlanır, Nazirliyin səlahiyyətli vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir.

3.5. Korlanmış və ya zədələnmiş lisenziya blankları istifadəyə yararsız hesab olunur və müəyyən edilmiş qaydada Nazirlik tərəfindən məhv edilir.

Son xəbərlər

Orphus sistemi