Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsində vətəndaşları qəbul edəcək

Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsində vətəndaşları qəbul edəcək Qəbul başa çatdıqdan sonra nazir Sumqayıt Şəhər Polis İdarəsində sıra baxışı keçirəcək
Daxili siyasət
28 Noyabr , 2015 13:09
Ramil Usubov Sumqayıt Şəhər Polis İdarəsində vətəndaşları qəbul edəcək

Bakı. 28 noyabr. REPORT.AZ/ Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov dekabrın 5-də Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər, rayon sakinlərini Sumqayıt Şəhər Polis İdarəsində qəbul edəcək. Bu barədə "Report"a nazirlikdən məlumat verilib.

Qəbul başa çatdıqdan sonra saat 12:00-da Ramil Usubov Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Sumqayıt Şəhər Polis İdarəsində sıra baxışı keçirəcək.

Sıra baxışında yalnız qeyd olunan şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 25 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlar iştirak edə bilər.

Müsabiqəyə yuxarıda qeyd olunan şəhər, rayon polis orqanlarında 20 vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.

Son xəbərlər

Orphus sistemi