Oqtay Əsədov Pakistan prezidenti ilə görüşüb

Oqtay Əsədov Pakistan prezidenti ilə görüşüb Görüşdə iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılıb
Daxili siyasət
12 Mart , 2015 19:11
Oqtay Əsədov Pakistan prezidenti ilə görüşüb

Bakı. 12 mart. REPORT.AZ/ Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Pakistan prezidenti Məmnun Hüseynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. 

MM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, O.Əsədov bildirib ki, Azərbaycan və Pakistan qardaş ölkələrdir. "Bizi bir-birimizə möhkəm dostluq telləri bağlayır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra onun müstəqilliyini ilk tanıyan dövlətlərdən biri məhz Pakistan olmuşdur. Ötən dövr ərzində əlaqələrimiz daha da genişlənmiş, dostluğumuz strateji tərəfdaşlıq xarakteri almışdır. Dövlət başçılarımızın qarşılıqlı səfərləri və aparılan danışıqlar münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəltmişdir. Ölkələrimiz arasında bu günədək 30-dək sənəd imzalanmış, 3-ü isə səfər çərçivəsində təsdiqlənmişdir. Bu sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir". 

Spiker qeyd edib ki, iqtisadi sahədə də əlaqələr inkişaf etməkdədir: "Biz qarşılıqlı biznes forumların keçirilməsini və müştərək Hökumətlərarası komissiyanın fəaliyyətini ümumi məqsədlər baxımından əhəmiyyətli hesab edirik.  Mədəni, humanitar sahələrdə də münasibətlərimiz ürəkaçandır. Azərbaycan hər zaman Pakistana qardaş ölkə kimi yanaşmışdır. Heydər Əliyev Fondunun xətti ilə Fondun prezidenti, millət vəkili, ölkənin birinci xanımı Mehriban Əliyevanın Pakistanda zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərinin Raqa qəsəbəsində qızlar məktəbinin tikintisi kimi bu ölkədə həyata keçirdiyi digər humanitar layihələr geniş ictimaiyyətə yaxşı məlumdur. Qardaş Pakistan xalqı bu kimi addımları yüksək qiymətləndirir. Biz səfər çərçivəsində ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın Pakistanın ali dövlət mükafatı - “Hilal-e Pakistan” ordeni ilə təltif olunmasını bu dəyərin bariz nümunəsi kimi başa düşürük". 

O, parlamentlər səviyyəsində əməkdaşlığımızın əhəmiyyətindən danışaraq deyib ki, deputatlar nüfuzlu beynəlxalq qurumlarda tez-tez görüşür, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparırlar: "Biz BMT-də Pakistanın hər zaman Azərbaycana dəstək verdiyinin şahidiyik. Azərbaycan xalqı Pakistan Senatında 2012-ci ildə Xocalı soyqırımı ilə əlaqədar qəbul olunmuş qətnaməni alqışlayır və bu mövqeyə görə dost Pakistan xalqına öz minnətdarlığını bildirir.  Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini və ölkəmizin haqlı mövqeyini müdafiə etməsini yüksək dəyərləndiririk".

M.Hüseyn isə öz növbəsində Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Pakistan prezidenti iki ölkə arasında əlaqələrin daha da genişlənməsinin, qarşılıqlı səfərlərin mütəmadi xarakter almasının əhəmiyyətini xüsusi vurğulayıb: "Hər iki ölkədə biznes forumların keçirilməsi iqtisadi əməkdaşlığımıza da öz müsbət təsirini göstərəcəkdir". M.Hüseyn ölkənin birinci xanımı Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək, Pakistan xalqı adından minnətdarlığını ifadə edib. O, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında heyrətamiz uğurlar əldə etməsindən qürur duyduqlarını xüsusi vurğulayıb. O, beynəlxalq təşkilatlarda, həmişə olduğu kimi, bundan sonra da Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəklərini söyləyib. 

Görüşdə parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin dərinləşdirilməsi, regional münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, sədrin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Ərəstun Cavadov, ölkəmizin Pakistandakı səfiri Daşqın Şikarov, Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser və digər rəsmi şəxslər iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi