Əli Həsənov: "Dialoq zamanı tam açıq fikir mübadiləsi aparıldı"

Əli Həsənov: "Dialoq zamanı tam açıq fikir mübadiləsi aparıldı" Azərbaycandakı siyasi partiyaların hamısı deyil, 17-si təmsil olunub
Daxili siyasət
13 Dekabr , 2014 14:24
Əli Həsənov: Dialoq zamanı tam açıq fikir mübadiləsi aparıldı

Bakı. 13 dekabr. REPORT.AZ/ Dialoq zamanı tam açıq fikir mübadiləsi aparıldı. Hakimiyyət nümayəndəsi olaraq biz çıxışları dinlədik, ümumiləşdirdik və müvafiq olaraq, qərar qəbul edən strukturların rəhbərlərinə, o cümlədən ölkə Prezidentinə burada müzakirə olunan məsələlərlə bağlı gəldiyim ortaq fikirlər çatdırılacaq. “Report”un məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bu gün bir qrup müxalifyönlü siyasi partiya sədrlərinin PA rəsmilərilə keçirilən görüşdən sonra jurnalistlərə bildirib.

"Bu görüşlərin davam etdirilməsi, həm hakimiyyət nümayəndəsi kimi bizim tərəfimizdən, həm də siyasi partiyalar tərəfindən çox zəruri və gələcəkdə davam etdirilməsi mütləq sayılan bir həqiqət kimi qəbul olunur. Yəni həm siyasi partiyalar, həm də biz qənaətə gəldik ki, bu dialoqlar mütəmadi olaraq davam etdirilsin. Əlbəttə bir tədbirdə çox şey müzakirə eləmək mümkün deyil, müxtəlif sahələrdə həm Azərbaycanın hakimiyyətinə aid olan məsələlər, həm siyasi partiyaların, azad medianın fəaliyyətinə aid olan məsələlər ətrafında ciddi söhbət gedib, həbs olunmuş insanlarla bağlı məsələlər müzakirə olundu", - PA-nın şöbə müdiri deyib.

Ə.Həsənov bildirib ki, görüşdə Azərbaycandakı siyasi partiyaların hamısı deyil, 17-si təmsil olunub: "Gələcəkdə biz istəyirik ki, siyasi partiyalar bu görüşlərə dəvət olunsunlar. Hər bir siyasi partiyanın özünün cəmiyyətə və həyata keçirilən siyasətə, baş verən hadisələrə öz baxışları var".

PA şöbə müdiri deyib ki, ümumiləşdirilmiş şəkildə bütün müxalifət partiyalarının rəhbərləri ilə bu görüşlər keçiriləcək və müxtəlif məsələlər qaldırılacaq, həm daxili siyasət, həm digər: "Bunların sırasına ümumiləşmiş şəkildə mərkəzdə olan bəzi məsələlər, siyasi partiyaların maliyyələşmə məsələsi, siyasi partiyaların mövcud qərargahla təmin olunması, partiyalar və seçki institutunun fəaliyyəti, partiya və seçkidə iştirak məsələləri, siyasi partiyalar və hakimiyyətin tədbirlərində iştrak məsələləri, siyasi partiyaların hüquq normaları ilə onların potensialının dəyərləndirilməsi müzakirə olundu".
Ə.Həsənov qeyd edib ki, birinci görüş üçün əlverişli və kifayət qədər dinamik bir görüş oldu. Onun sözlərinə görə, növbəti görüşlər üçün həm zəmin hazırlandı, həm də növbəti görüşlərin təxmini mövzuları müəyyən olundu.

Son xəbərlər

Orphus sistemi