Dövlət başçısı iş adamlarına müraciət edib

Dövlət başçısı iş adamlarına müraciət edib "Bütün şəhərlərdə tam imkan verilməlidir ki, iş adamları böyük tikinti layihələrini icra etsinlər"
Daxili siyasət
18 Yanvar , 2016 23:10
Dövlət başçısı iş adamlarına müraciət edib

Bakı. 18 yanvar. REPORT.AZ/ "Biz iqtisadi fəallığı artırmalıyıq. Təbii ki, gəlirlər azaldıqca bizim investisiya qoyuluşumuz da, dövlət xətti ilə qoyulan investisiyaların həcmi də azalır. Bu da öz növbəsində iqtisadi fəallığı müəyyən dərəcədə aşağı salır. Bu, reallıqdır, bir-biri ilə bağlı olan məsələlərdir".

"Report" xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün keçirilən iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə səsləndirib.

Dövlət başçısı qeyd edib ki, görüləcək əlavə tədbirlər nəticəsində iqtisadi fəallıq artırılmalıdır.

"Bakıda, böyük şəhərlərdə və bütün şəhərlərdə tam imkan verilməlidir ki, iş adamları böyük tikinti layihələrini icra etsinlər. Bəzi hallarda burada iş adamları müxtəlif çətinliklərlə üzləşirlər - bürokratiya, korrupsiya. Onlara qarşı əsassız tələblər irəli sürülür. Bütün bunlar yığışdırılmalıdır", - deyə prezident vurğulayıb.

O, bildirib ki, tikinti sektoru tam sərbəst şəkildə inkişaf etməlidir: "Əlbəttə ki, şəhərsalma qaydalarına riayət etmək şərti ilə. Əlbəttə, biz imkan verə bilmərik ki, burada xaotik vəziyyət yaransın. Ancaq bütün süni əngəllər aradan qaldırılmalıdır".

Prezident İlham Əliyevin sözlərinə görə, əgər qanunvericilikdə, yaxuddakı qaydalarda hər hansı bir düzəlişlər edilməlidirsə, bu edilməlidir.

Dövlət başçısı onu da qeyd edib ki, Dünya Bankının “Doing Business” hesabatlarında Azərbaycanın müxtəlif istiqamətlər üzrə islahatları yüksək qiymətləndirilir.

"Ancaq bizi ən çox geriyə salan məhz tikinti sektorunda, bax bu qeyri-normal vəziyyətdir. Çünki burada o qədər icazələr tələb olunur və burada o qədər pozuntular var ki, hətta beynəlxalq qurumlar da bunu qeyd edirlər. Ona görə mən bu gün ciddi tapşırıq verirəm bütün şəhər və rayon icra hakimiyyəti orqanlarına, ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinə ki, bundan sonra tikinti ilə bağlı heç bir süni əngəl olmamalıdır. İş adamlarına da müraciət edirəm, əgər sizdən kimsə qanunsuz nə isə tələb edəcəksə birbaşa məlumat verin və o qanunsuz əməlləri törətmək istəyənlər ciddi şəkildə cəzalandırılacaqlar. Mənə mütəmadi qaydada məlumat verilməlidir ki, hər rüb nə qədər tikinti layihəsi icra edilir, harada və bunun əmək bazarına olan təsiri nədən ibarətdir?!"

"Burada, əlbəttə ki, biz ilk növbədə iş adamlarının fəaliyyətini gözləyirik. Eyni zamanda, ipoteka xətti ilə böyük tikinti layihələri icra edilə bilər. Əfsuslar olsun ki, bizdə bu sektorda durğunluq müşahidə olunur. Mən ipoteka ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm, o cümlədən Nazirlər Kabinetinin toplantılarında. Ancaq bu proses hələ ki kütləvi xarakter almayıb. Bunu dərhal başlamaq, yəni, davam etdirmək lazımdır. Təxirəsalınmaz tədbirlər görülməlidir. Bu tədbirlər haqqında mənə məlumat verilməlidir. Biz nə etməliyik ki, ipoteka xətti ilə tikiləcək bu binaların inşasını sürətləndirək?!", - deyə prezident əlavə edib.

Son xəbərlər

Orphus sistemi