​Arif Hacılı: "Siyasi məsələlərlə bağlı İsa Qəmbərlə məsləhətləşirik" - MÜSAHİBƏ

​Arif Hacılı: "Siyasi məsələlərlə bağlı İsa Qəmbərlə məsləhətləşirik" - MÜSAHİBƏ "Mən Müsavatın başqanı olandan partiyada təşkilatlanma işi güclənib"
Daxili siyasət
11 Fevral , 2015 19:06
​Arif Hacılı: Siyasi məsələlərlə bağlı İsa Qəmbərlə məsləhətləşirik - MÜSAHİBƏ

"Mən Müsavatın başqanı olandan partiyada təşkilatlanma işi güclənib"

"Qurultayda seçkilər zamanı ortaya çıxan fəsadların aradan qaldırılması prosesi yekunlaşır"

"AXCP konkret müddəalar əsasında müttəfiqlik təklifimizi qəbul etmədi"

Bakı. 11 fevral. REPORT.AZ/ Müsavat Partiyasının başqanı Arif Hacılının "Report"a müsahibəsi:

- Müsavat Partiyasının başqanı olduğunuz dörd ay müddətində partiyada nə dəyişib?

- Partiyanın rəhbər strukturları formalaşır. Bu dövr ərzində Divan, Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşıb, Məclisə yeni üzvlər seçilib. Həm partiya rəhbərliyində, həm də rayon təşkilatlarda nəsil dəyişməsi prosesi gedir. Partiyada təşkilatlanma işi güclənib. Bu məqsədlə yeni srrukturlar yaradılır. Fəaliyyətin səmərəliliyini artırmaq, partiya strukturları arasında əlaqələri intensivləşdirmək üçün müvafiq qərarlar qəbul edilib. VIII qurultayda keçirilən azad və ədalətli seçkilərin müsbət nəticələrindən bəhrələnməklə yanaşı, həmin seçkilər zamanı ortaya çıxan fəsadların aradan qaldırılması prosesi də yekunlaşır. Müsavat Partiyasında təşkilati iş bundan sonra da güclənəcək. Hesab edirəm ki, Müsavat daha çevik, dinamik fəaliyyət göstərən partiyaya çevriləcək.

- Arif bəy, partiyanın idarə olunmasında sabiq başqan İsa Qəmbərdən hansısa məsləhətlər alırsınızmı?

- İsa bəy partiya idarəçiliyinə qarışmamağa və imkan daxilində bizim qəbul edəcəyimiz qərarlara təsir göstərməməyə çalışır. Biz ümumi siyasi məsələlərlə bağlı imkan daxilində hər kəslə hər məsləhətləşməyə çalışırıq. Təbii ki, İsa Qəmbər kimi təcrübəli siyasətçi ilə məsləhətləşmək imkanlarından da istifadə edirik.

- Siz başqanlığa sabiq namizəd Qubad İbadoğlunu anti-Müsavat mövqe sərgiləməkdə ittiham edirsiniz. Bunu necə əsaslandırardınız?

- Müsavat Partiyası, partiyanın hər bir üzvü Nizamnaməyə əsasən fəaliyyət göstərir. Partiyanın VIII qurultayından sonra partiyadan xaric edilən 6 nəfərin hər biri Nizamnamənin konkret bəndlərini pozduqları üçün onlar barədə belə qərar qəbul edilib.

- Qubad İbadoğlunun Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatını yaratmasına qarşı çıxdınız. O da bildirdi ki, yaratdığı təşkilat ictimai yönümlüdür. Siz də vaxtilə "16 oktyabr" Hərəkatını yaratmışdınız. İndi də İsa Qəmbərin sədri olduğu Milli Strateji Düşüncə Mərkəzi fəaliyyət göstərir. Bunların ADR-lə nə fərqi var?

- Müsavat Partiyasının bir qrup üzvü ictimai təşkilat yaradacağını bəyan edərkən bunun Nizamnaməyə zidd olmadığını bildirmişdim. Təbii ki, partiyanın hər bir üzvü ictimai təşkilatlarda təmsil oluna bilər. Uzun müddət Bütöv Azərbaycan Birliyinin sədr müavini kimi fəaliyyət göstərmişəm. "16 oktyabr" Hərəkatı həbsxanada olduğumuz zaman yaradılmış təşkilat idi. Təşkilatın məramı 2003-cü ilin oktyabrın 16-da həbs edilən siyasi məhbusların hüquqları müdafiəsi ilə bağlı idi. Bu təşkilat yalnız 16 oktaybr məhbuslarından təşkil olunmuşdu. Həmin məhbuslar azadlığa çıxdıqdan sonra da bu təşkilat fəaliyyətini dayandırdı. Burada söhbət hansısa ictimai təşkilatda iştirakdan getmir. Hansısa təşkilat Müsavat Partiyasına qarşıdırsa, partiyaya düşmən mövqedə dayanan adamların rəhbərlik etdiyi təşkilatıdırsa, hədəfi Müsavat partiyasıdırsa, təbii ki, burada müəyyən problemlər ortaya çıxacaq. Lakin hər bir partiya üzvü haqqında qərar yalnız onun yol verdiyi Nizamnamə pozuntularına görə ola bilər. Qərarlar yalnız Nizamnamə çərçivəsində qəbul olunur.

- Sizin Qubad İbadoğlu ilə keçirdiyiniz görüşlər niyə nəticəsiz qaldı?

- Qurultaydan sonra partiyanın narazı davranışları ilə seçilən bir çox üzvlərilə həm qrup, həm də fərdi qaydada söhbət etmişəm. Bu söhbətlərin əksəriyyəti uğurla nəticələnib. Görüşdüyüm partiya üzvlərinin əksəriyyəti iradları ilə bağlı aydınlaşmalardan sonra partiyada fəaliyyətlərini davam etdirirlər. Təəssüf ki, səylərimiz heç də həmişə uğurla nəticələnmədi.

- Parlament seçkilərinə hazırıqla bağlı partiyada vəziyyət necədir?

- Müsavat Partiyasının Məclisi 2014-cü ilin dekabrında keçirdiyi sessiyada 2015-ci ilə aid fəaliyyət istiqamətlərini müəyyənləşdirib. 2015-ci ili Azərbaycan üçün mühüm imkanlar ili hesab edirik. Bu il ərzində siyasi dəyişikliklərin olacağı qənaətindəyik. Müsavat Partiyası olaraq bu dəyişikliklərin Azərbaycan cəmiyyətinin maraqlarına uyğun istiqamətə yönəlməsi üçün əlimizdən gələni edəcəyik. Seçkilərdə iştirak etmək niyyətindəyik. Artıq, seçkilərə hazırlıq işinə başlamışıq. Seçkiöncəsi demokratik şəraitin yaradılması, seçki qanunvericiliyində islahatların aparılması istiqamətində də konkret təkliflərimiz var. Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən siyasi təşkilatlarla, ictimai birliklərlə bir yerdə bu dəyişikliklərə nail olmaq üçün ciddi mübarizə aparmağı planlaşdırırıq.

- Müsavat Partiyasının da təmsil olunduğu Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindəki (SPDİHM) 8 partiyanın yaratdığı "Azadlıq-2015" Seçki Blokuna niyə qoşulmadınız?

- Bu blokun Mərkəzə aidiyyatı yoxdur. Sadəcə olaraq, Demokratiya və İnsan Haqları adlanan əməkdaşlıq mərkəzinə daxil olan bəzi partiyalar belə bir blok yaradıblar. Müsavat Partiyasına da bu blokda iştirak etmək təklif olunmuşdu. Partiyada bu məsələni müzakirə etdik. İndiki mərhələdə partiyanın hər hansı bir bloka qoşulmasının məqsədəuyğun olmadığı barədə qəbul edildi. Bu ilin aprelinə qədər hansısa blokda iştirak etmək niyyətində deyilik. İndi hədəfləri Müsavat Partiyasının hədəfləri ilə üst-üstə düşən, real müxalifət qurumları ilə blok yaratmaq imkanlarını araşdırırıq.

- Siz Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ilə Milli Şurada təmsil olunurdunuz. Sonra Milli Şuranı tərk etdiniz, yenidən AXCP-yə müttəfiqliklə bağlı təklif verdiniz. Əgər yenidən AXCP-yə müttəfiqlik təklif edəcəkdinizsə, Milli Şuradan niyə çıxırdınız?

- Biz AXCP-yə hələ 2013-cü ilin sonlarında müttəfiqlik münasibətləri təklif etmişdik. Konkret müddəalar əsasında müttəfiqlik təklifimiz qəbul olunmadı. Həmin dövrdə Milli Şuranın əsas missiyası - prezident seçkiləri başa çatdıqdan sonra yeni siyasi şəraitə uyğun olaraq, yeni siyasi münasibətlərin qurulması, qeyri-müəyyən deyil, real sənədlər, konkret öhdəliklər əsasında müttəfiqlik münasibətlərinin qurulmasını təklif etdik. Amma Xalq Cəbhəsi Partiyası, təəssüf ki, bunu qəbul etmədi. Mən Müsavat Partiyasının başqanı seçildikdən sonra yenidən həmin təkliflərimizin qüvvədə olduğunu, Müsavat Partiyasının yeni rəhbərliyinin bu məsələlərlə bağlı mövqeyini AXCP sədrinin diqqətinə çatdırdım. Siyasi məsələlər peşəkar yanaşma tələb edir. Siyasi partiyalar arasında münasibətlər qurularkən müxtəlif dövrlərə aid olan münasibətlər, xüsusilə şəxsi münasibətlər rol oynamamalıdır. Belə münasibətlər qurularkən Azərbaycan cəmiyyətinin, demokratik düşərgənin və hər hansı siyasətçinin təmsil olunduğu siyasi qurumun maraqları əsas götürülməlidir. Hər hansı məsələdə bu konsepsiyaya, qeyd etdiyim ardıcıllıq da nəzərə alınmaqla əsaslanaraq qərar qəbul edirik.

- Hazırda bütün müxalifyönlü partiyaların bir yerdə olması mümkündürmü? Bunu real hesab edirsinizmi?

- Müsavat Partiyası müttəfiqlik naminə hədəflərimiz, ideoloji siyasi mövqeyimiz çərçivəsində bütün güzəştlərə getməyə hazırdır. Amma bizdən asılı olmayan səbəblərdən birlik baş tutmayacaqsa, bunu da faciə hesab etməyərək yolumuza davam edəcəyik.

- Müsavat Partiyasında mitinqlərlə bağlı müzakirələr aparılırmı?

- Partiyanın Sədrlər Şurasının sonuncu toplantısında bu məsələlər müzakirə olundu, mart və ya aprel ayından etibarən siyasi məhbusların azadlığa buraxılması, demokratik islahatların, o cümlədən seçki islahatlarının aparılması tələbləri ilə kütləvi aksiyalara başlamaq barədə razılıq əldə olundu.

- Müsavat rəhbərliyi bölgələrə səfər planlaşdırırmı?

- Bölgələrə səfərlərimiz davam edir. Rayon təşkilatları ilə təmaslarımız ardıcıl xarakter daşıyır. Şübhəsiz ki, seçki kampaniyası dövründə respublikanın bütün ərazisində həm partiya strukturları ilə, həm demokratik düşərgəyə aid olan siyasi qüvvələrin yerli təşkilatları ilə, eyni zamanda seçicilərlə görüşərək Müsavat Partiyasının apardığı siyasətin mahiyyətini izah etmək, təbliğat və təşviqat məqsədli səfərlərimizin intensivliyi artacaq.

- Partiyanızın beynəlxalq əlaqələri hansı səviyyədədir?

-Beynəlxalq əlaqələr sahəsində işlərin yaxşılaşdırılması yönündə planlar var, o planların bəzilərini həyata keçirməyə başlamışıq. Müsavat Partiyası avrointeqrasiya tərəfdarı olan bir təşkilatdır. İlk növbədə demokratik ölkələrdə siyasi qüvvələrlə münasibətlər qurmağa çalışırıq. Partiya başqanı seçildikdən bir həftə sonra İsa Qəmbərlə birlikdə Polşanın paytaxtı Varşavada səfərdə oldum. Səfər zamanı Amerika Birləşmiş Ştatlarından, Polşadan, Ukraynadan, Litvadan, Belarusdan, Gürcüstandan olan siyasi mütəfiqlərimizlə, millət vəkilləri, dövlət xadimləri ilə görüşlər keçirdik. Hazırda Gürcüstanda, Türkiyədə, Ukraynada və Avropa ölkərində olan siyasi müttəfiqlərimizlə əlaqələrimizin genişləndirilməsi istiqamətində konkret işlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi