Elmar Məmmədyarov: "Ermənistan beynəlxalq ictimaiyyəti aldadır"

Elmar Məmmədyarov: "Ermənistan beynəlxalq ictimaiyyəti aldadır" Məhəmməd Cavad Zərif: "Qarabağdakı vəziyyətdən narahatam"
Qarabağ
5 Aprel , 2016 14:04
Elmar Məmmədyarov: Ermənistan beynəlxalq ictimaiyyəti aldadır

Bakı. 5 aprel. REPORT.AZ/ "Ermənistan Silahlı Qüvvələri 2 aprel 2016-cı il tarixində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini hədəfə alaraq, Azərbaycan qoşunlarının təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutub".

Azərbaycan XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə İranın Ramsər şəhərində keçirilən görüşdə bildirib.

Nazir əlavə edib ki, həmin gün saat 15:00-dan etibarən atəşkəsin başlanması barədə razılıq olsa da, Ermənistan tərəfi buna riayət etməyib, eyni zamanda, aprelin 3-də Azərbaycan tərəfi xoşniyyət və sülhpərvər məramlardan çıxış edərək, əks-həmlə və cavab tədbirlərini birtərəfli qaydada dayandırması barədə qərar versə də, Ermənistan artilleriya və digər ağır silahlarla Azərbaycan ordusunun mövqelərini intensiv olaraq atəşə tutmaqda davam edib.

E.Məmmədyarov bildirib ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldadır, bütün vasitələrlə, o cümlədən gərginliyin yaradılması və saxlanılması ilə münaqişənin həllinin əsasını təşkil edən məsələlərdən diqqəti yayındırmağa və status-kvonu saxlamağa çalışır. O, qeyd edib ki, beynəlxalq ictimaiyyət Ermənistana ciddi təzyiq göstərməli və Ermənistanın təxribatları dayandırmasına və Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasına nail olunmalıdı: "Azərbaycan atəşkəsin təmin edilməsi və münaqişənin həlli istiqamətində ciddi siyasi prosesin başlamasının tərəfdarıdır".

Məhəmməd Cavad Zərif yaranmış vəziyyətdən narahat olduqlarını bildirib. O əlavə edib ki, ölkəsinin Azərbaycanla çox yaxşı əlaqələri mövcuddur. İranlı nazir Ermənistan tərəfindən atılan mərmilərdən birinin İran ərazisinə düşdüyü və bununla bağlı İranın müdafiə nazirinin hər iki ölkənin müdafiə nazirləri ilə danışıqlar apardığı barədə məlumat verib. İran atəşkəsin tezliklə bərpa olunması və münaqişənin ən qısa müddət ərzində həllinə tərəfdar olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi