​Azərbaycan XİN: Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməlidir

​Azərbaycan XİN: Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməlidir “Ermənistan bu kimi qurama məhkəmə prosesi vasitəsilə onları eləcə də mənəvi və psixoloji işgəncələrə məruz qoyur”
Qarabağ
10 Mart , 2015 17:10
​Azərbaycan XİN: Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal azad edilməlidir

Bakı. 10 mart. REPORT.AZ/ “Dilqəm Əsgərov və Şahbaz Quliyevi ən qəddar fiziki işgəncələrə məruz qoyan Ermənistan bu kimi qurama məhkəmə prosesi vasitəsilə onları eləcə də mənəvi və psixoloji işgəncələrə məruz qoyur”.

“Report”un məlumatına görə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Ermənistanın işğalı altında olan Kəlbəcər rayonunda girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin qurama “apelyasiya prosesi”nin başa çatmasını şərh edərkən bildirib.

Onun sözlərində görə, Ermənistan tərəfindən Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində təşkil olunmuş “məhkəmə prosesi”nin heç bir hüquqi əsası yoxdur və qəbul edildiyi iddia edilən “qərar”lar da heç bir hüquqi mahiyyət kəsb edə bilməz: “Qondarma məhkəmə prosesi vasitəsilə öz üzərinə düşən məsuliyyəti gizlətməyə çalışan Ermənistan tərəfi anlamalıdır ki, Cenevrə Konvensiyalarına əsasən nə zaman və harada olmasından asılı olmayaraq, mülki şəxslərin girov götürülməsi qadağandır. Dilqəm Əsgərov və Şahbaz Quliyevi ən qəddar fiziki işgəncələrə məruz qoyan Ermənistan bu kimi qurama məhkəmə prosesi vasitəsilə onları eləcə də mənəvi və psixoloji işgəncələrə məruz qoyur. Bu cür məsuliyyətsiz davranışı ilə Ermənistan beynəlxalq humanitar hüquqa əsasən daşıdığı hüquqi məsuliyyətə və beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin girovların azad edilməsi barəsində çağırışlarına və humanizm prinsiplərinə məhəl qoymadığını bir daha nümayiş etdirir”.

H.Hacıyev deyib ki, Ermənistan beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması ilə müşayiət olunan bu təxribatçı fəaliyyətinə son qoymalı, girov götürülmüş şəxsləri dərhal azad etməlidir: “Ermənistan silahlı qüvvələri tərəfindən girov görürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə təmaslar davam etdiriləcək”.

Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələrində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin qurama “apelyasiya prosesi”nin başa çatması barəsində məlumat verilib.

Son xəbərlər

Orphus sistemi