​Azərbaycan və Türkiyə vətəndaşları Prezident İlham Əliyevə məktub yazaraq Qarabağda döyüşməyə hazır olduqlarını bildiriblər

​Azərbaycan və Türkiyə vətəndaşları Prezident İlham Əliyevə məktub yazaraq Qarabağda döyüşməyə hazır olduqlarını bildiriblər “Türkiyədə Azərbaycan üçün canını verməyə hazır olan minlərlə insan var”
Qarabağ
11 Fevral , 2015 17:32
​Azərbaycan və Türkiyə vətəndaşları Prezident İlham Əliyevə məktub yazaraq Qarabağda döyüşməyə hazır olduqlarını bildiriblər

Bakı. 11 fevral. REPORT.AZ/ Ötən ilin avqust ayında qoşunların təmas xəttində ermənilər tərəfindən atəşkəsin növbəti dəfə pozulması və vəziyyətin gərginləşməsi zamanı vətəndaşlar tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına yüzlərlə məktub daxil olub.

“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov 2014-cü ildə görülmüş işlər haqqındakı təhlil yazısında bildirib.

“Vətəndaşlar düşmənə layiqli cavab verərək onu yerində oturdan qüdrətli ordumuza və həmin ərəfədə cəbhə bölgəsinə gedərək hərbçilərlə görüşən və vəziyyətlə yerində tanış olan cənab Ali Baş Komandanımıza güvəndiklərini yazır, yaşından, sosial vəziyyətindən və fiziki durumundan asılı olmayaraq hər kəsin silaha sarılaraq Vətənin müdafiəsinə qalxmağa hazır olduğunu bildirirlər”, - S.İsmayılov vurğulayıb.

Xarici ölkələrdə yaşayan azərbaycanlılar da baş verən hadisələrə münasibətlərini bildiriblər. Rusiyanın Moskva şəhərindən S.Quliyevin, Krasnoyarsk şəhərindən Ç.Əliyevin, Almaniyanın Köln şəhərindən A.Ağayevin, Qırğızıstanın Bişkek şəhərindən Ə.Əliyev və başqalarının məktubları həmrəyliyin bir nümunəsidir.

Bu hadisələrə Türkiyənin müxtəlif şəhərlərində, habelə Azərbaycanda yaşayan türk vətəndaşlarından da münasibət bildirilib, onlar Ali Baş Komandanın əmri olarsa, Azərbaycan uğrunda vuruşmağa hazır olduqlarını göstəriblər. İstanbul şəhərindən B.Atak yazır: “Ali təhsilli iş sahibiyəm, ailəliyəm. Ancaq Ermənistan ilə müharibə başlayarsa, Türkiyədə yaşayan və Qarabağ uğrunda döyüşməyə hazır olan igid türklərdən biriyəm. Sizə bildirmək istəyirəm ki, burada Azərbaycan üçün canını verməyə hazır olan minlərlə insan var”. Ankara şəhərindən A.Ustaoğlu isə bildirir: “Əmin olun ki, Siz tək deyilsiniz. Əgər Azərbaycan müharibəyə başlayarsa, biz də Sizin əsgərlərinizik”.

S.İsmayılovun sözlərinə görə, 2014-cü il aprelin 24-də Praqa şəhərində Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının 5-ci ildönümunə həsr olunmuş sammitdə Türkiyənin iştirak etməməsindən istifadə edən Ermənistan prezidentinin Türkiyənin ünvanına səsləndirdiyi hədyanlara Azərbaycan Prezidentinin “... Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm” cavabı bütün türk dünyasında alqışlanıb, bu qətiyyətli cavabla əlaqədar Azərbaycan Prezidentinin ünvanına həm Azərbaycandan, həm də Türkiyənin bir sıra şəhərlərindən çoxsaylı minnətdarlıq və təşəkkür məktubları daxil olub.

Türkiyənin Qaziantep şəhərindən S.Demirkıran yazır: “Praqa Sammitində Ermənistan prezidentinə verdiyiniz cavab Türkiyə-Azərbaycan dostluğunun sarsılmazlığını dünyaya nümayiş etdirdi. Bu, əsl qardaşlıq, əsl dostluq nümunəsidir. Türkiyə vətəndaşı olaraq ölkəmi müdafiə etdiyinizə görə Sizə təşəkkürümü bildirir, qətiyyətinizdən, cəsarətinizdən qürur duyuram. Allah Sizin kimi liderlərimizi başımızın üstündən əskik etməsin. Qardaşlığımızın daimi və möhkəm olmasını sübut edən bu addımınız ortaq türk tariximizin heç vaxt yaddan çıxmayacaq səhifələrindən biridir. Qəlbimin dərinliklərindən gələn səmimiyyətlə deyirəm: Eşq olsun Sizə!”.

Son xəbərlər

Orphus sistemi