Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) sənaye və rəqəmsal sektor olaraq iqlim hədəflərinə və sıfır tullantıya çatmaq üçün mühüm platformadır.
"Report" xəbər verir ki, bunu GSM Assosiasiyasının tənzimlənmə məsələləri üzrə baş direktoru Con Ciusti Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2024" beynəlxalq konfransında deyib.
O bildirib ki, ilin sonunda Bakıda keçiriləcək COP29 ətraf mühit və davamlılıq baxımından çox vacibdir: "Bakıda COP29-un yaxınlaşdığı ərəfədə "Azercell" mobil operator ilə əməkdaşlıq etmək məni çox sevindirir. Bu il, əlbəttə ki, görüləcək çox iş var və COP29 bu istiqamətdə çox vacib tədbirdir. Bu gün mobil sənayenin təqribən üçdə ikisi gəlirlərinə görə yaxın perspektivdə elmə əsaslanan hədəflərlə karbon emissiyalarını azaltmağı öhdəsinə götürüb".
Baş direktor qeyd edib ki, bu gün texnologiya sahəsində, diqqət çəkən bir neçə məsələ var: "Gələcəyə baxsaq, süni intellekt və davamlılığın həyatın çox mühüm parçasına çevriləcəyini görürəm. Süni intellekt və inkişaf edən digər texnologiyalar cəmiyyətlərimizə böyük təsir göstərir. Süni intellektin həyatımıza daxil olmasında hələ ilk günlər olsa da, imkanlar böyükdür. Bu potensialı reallaşdırmaq üçün müvafiq tənzimləyici mühitin yaradılması və strateji investisiyaların edilməsi vacibdir".