Almaniyanın dövlət katibi: “Azərbaycan enerji sahəsində keçid etmək üçün unikal vəziyyətdədir”

Almaniyanın dövlət katibi: “Azərbaycan enerji sahəsində keçid etmək üçün unikal vəziyyətdədir” “Azərbaycan payızda keçiriləcək COP29-un prezidenti olmaqla üzərinə böyük rol götürüb ki, bu, ölkə üçün böyük imkanlar, amma eyni zamanda böyük öhdəliklər deməkdir”.
COP29
29 Yanvar , 2024 19:13
Almaniyanın dövlət katibi: “Azərbaycan enerji sahəsində keçid etmək üçün unikal vəziyyətdədir”

Azərbaycan payızda keçiriləcək COP29-un prezidenti olmaqla üzərinə böyük rol götürüb ki, bu, ölkə üçün böyük imkanlar, amma eyni zamanda böyük öhdəliklər deməkdir.

“Report” xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan Bakıda bir qrup jurnalistlə görüşündə deyib.

Tədbirə ev sahibliyi edəcəyi ilə bağlı ölkə hökumətini təbrik edən C.Morqan qeyd edib ki, COP-un Bakıda keçirilməsi müəyyən mənada “tam tsikl” yaradır: “Dünyada böyük miqdarda qalıq yanacaq ehtiyatlarının intensiv kəşfiyyatına və işlənməsinə başlayan ilk ölkə kimi Azərbaycanın hazırda bərpa olunan enerji mənbələrinə keçid üzərində işləməsi və enerji səmərəliliyinə çalışması həqiqətən maraqlıdır. Ölkə hökuməti bərpaolunan enerji mənbələrinə keçiddə maraqlı olduğunu bildirir. COP28-də qəbul edilmiş qərarları həyata keçirmək üçün daha yaxşı yeri haradan tapmaq olar?!”

Onun sözlərinə görə, Almaniya ənənəvi enerji resurslarından bərpa olunan mənbələrə keçidi çox fəal şəkildə həyata keçirir, elektrik enerjisinin demək olar 50 %-i onlardan əldə edilir və ölkə neft, qaz və kömürdən tamamilə imtinaya doğru gedir. “Almaniya bu sahədə toplanmış təcrübəsini bölüşməyə hazırdır”, - C.Morqan bildirib.

Almaniya XİN nümayəndəsinin fikrincə, iqlim böhranı hamının razılaşdığı reallıqdır və vəziyyət getdikcə daha da pisləşir. “2023-cü il Yer kürəsində ən yüksək temperaturun olduğu il kimi qeydə alınıb, eyni zamanda intensiv yağışlar və nəticədə daşqınlar və quraqlıq olub”, - o söyləyib.

Azərbaycan da dünyanın digər ölkələri kimi iqlim dəyişikliyinin nəticələrini, o cümlədən su qıtlığı və quraqlıq halları, digər tərəfdən leysan yağışların yaratdığı sürüşmələr və digər neqativ nəticələr ilə üzləşir.

“Aydındır ki, bütün ölkələr Paris Sazişinin üç əsas məqsədinə, o cümlədən qlobal temperatur artımını 1,5 dərəcə Selsi civarında qorumaq, 2030-cu ilə qədər istixana qazı emissiyalarını 43 faiz azaltmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq, iqlim dəyişikliyi və maliyyə resurslarının yenidən yönləndirilməsi şəraitində davamlılıq və adaptasiyaya nail olmaq üçün səy göstərməlidirlər”, - o deyib.

Son xəbərlər

Orphus sistemi