​Veloparkda ağacəkmə aksiyası keçirilib

​Veloparkda ağacəkmə aksiyası keçirilib Təşkil edilən velosiped yarışının qalibləri sırasında "Report"un da əməkdaşı olub
Biznes
1 Dekabr , 2015 13:23
​Veloparkda ağacəkmə aksiyası keçirilib

Bakı. 1 dekabr. REPORT.AZ/ Ötən gün "Coca-Cola" şirkəti, "ADA" Universiteti və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) birgə həyata keçirdiyi irimiqyaslı ekoloji aksiya çərçivəsində BMX Veloparkında ağacəkmə kampaniyası ilə bağlı tədbir keçirilib.

"Report"un məlumatına görə, bu ilin may ayında başlayan kampaniya çərçivəsində BMX Veloparkında 14 mindən çox ağac əkilib.

Tədbirdə çıxış edən AVİF-in vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, veloparkın yerləşdiyi ərazidə əvvəllər daş karxanası olub: "Təəssüflər olsun ki, 1990-cı illərin əvvəlində baxımsızlıq üzündən park bərbad hala düşüb. Üç il əvvəl Federasiyasıya bu parkı öz himayəsinə götürüb və burada abadlıq işləri aparmağa başlayıb. Son üç ildə bu parkda 30 mindən çox ağac və bəzək kolu əkilib. Son bir neçə ay ərzində isə "Coca-Cola" şirkəti və "ADA" Universiteti tərəfindən burada daha 14 min ağac əkilib".

"ADA" Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, Universitet həm akademik proqram çərçivəsində, həm də əlavə tədris fəaliyyətində ekoloji layihələrə böyük əhəmiyyət verir: "ADA"nın "Coca-Cola" ilə tərəfdaşlıq proqramı çərçivəsində 2020-ci ilədək Bakı və ətraf ərazilərdə 100 minədək ağacın əkilməsi nəzərdə tutulur. Bu gün burda 1 000-ə yaxın ağac əkilib".

"Azerbaijan Coca-Cola Bottlers" şirkətinin baş meneceri Cem Becel layihə başlayandan 42 mindən çox ağacın əkildiyini deyib: "Təkcə bu il 22,5 mindən artıq ağac əkilib".

Ağacəkmə aksiyasından sonra tədbirdə iştirak edən mətbuat nümayəndələri arasında velosiped yarışı keçirilib. Təşkil olunan yarışda ən yaxşı vaxtı "Sportarena.az" idman portalının jurnalisti Vüsal Mirzəyev göstərib. İkinci yerə "Azərtac" Dövlət İnformasiya Agentliyinin fotoqrafı Tapdıq Abdullayev, üçüncü yerə isə "Report" İnformasiya Agentliyinin əməkdaşı Cavid Əzimov layiq görülüblər. Yarışda fərqlənənlər AVİF, "Coca-Cola" şirkəti və "ADA" Universiteti tərəfindən xatirə hədiyyələri ilə təltif ediliblər.

Son xəbərlər

Orphus sistemi