Siyasi verilişlərdə qaçan sətirlə reklamın yayımlanması qadağan edilib

Siyasi verilişlərdə qaçan sətirlə reklamın yayımlanması qadağan edilib Nazirlər Kabineti “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın təsdiq edib
Biznes
3 Aprel , 2016 01:32
Siyasi verilişlərdə qaçan sətirlə reklamın yayımlanması qadağan edilib

Bakı. 3 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası”nın təsdiq edib.

“Report”un xəbərinə görə, bu qayda televiziya proqramlarında (verilişlərində), açıq məkanda, teatr tamaşası, kino, konsert və digər kütləvi tədbirlər xidməti göstərilərkən qaçan sətirlə yayımlanan reklamın təqdim olunmasına qoyulan tələbləri müəyyən edir.

Qaçan sətir reklamın elektron vasitələrlə mətnlə və (və ya) qrafiklə, hərəkət edən şəkildə verilməsidir.

Nəqliyyat vasitələrində qaçan sətirlə reklam yayımlayan elektron tabloların yerləşdirilməsinə yol verilmir.

Televiziya proqramlarında (verilişlərində) qaçan sətirlə reklamın yayımı xüsusi reklam bildirişi, yaxud “R” işarəsi ilə müşayiət olunmalıdır.

Yayımlanan televiziya proqramının (verilişinin) kadrına qaçan sətirlə yerləşdirilən reklam kadrın aktiv hissəsinin 7 faizindən çox sahəsini tutmamalıdır.

Qaçan sətirlə yayımlanan reklam alt yazıların, habelə açıqlama xarakterli yazıların üzərində yerləşdirilməməlidir.
Verilən elanların, xəbərlərin, anonsların və digər məlumatların yayımı zamanı qaçan sətirlə reklam yayımlana bilməz.

Qaçan sətirlə yayımlanan reklam akustik (səsli) elementlərdən ibarət ola bilməz.

Verilən reklamın (sosial reklam istisna olmaqla) vaxtı televiziyada yayımlanan reklamın ümumi vaxtına daxildir.
Milli Məclis sessiyalarının, rəsmi dövlət tədbirlərinin, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sədrinin çıxışlarının yayımı zamanı qaçan sətirlə reklam verilə bilməz.
Siyasi verilişlərdə və xəbər proqramlarında qaçan sətirlə reklamın yayımlanmasına yol verilmir.

Uşaq verilişlərində və dini proqramlarda (verilişlərdə) alkoqollu içkilərin qaçan sətirlə reklamı verilə bilməz.
Azərbaycan Prezidenti tərəfindən elan edilmiş matəm günlərində televiziya proqramlarında (verilişlərində) qaçan sətirlə reklamın yayımlanması qadağandır.

Birbaşa aid olduğu xidmət, ticarət və digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə qaçan sətirlə yerləşdirilən elanlar, həmçinin dövlət orqanlarına aid lövhələr reklam daşıyıcıları hesab edilmir.

Avtomobil yollarının torpaq sahəsində qaçan sətirlə reklam yayımlayan qurğuların yerləşdirilməsi qadağandır.
Açıq məkanda qaçan sətirlə reklam yayımlayan qurğular yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməli, mühəndis qurğuları üzərində yerləşdirildikdə isə estetik və konstruksiya baxımından həmin qurğunun ümumi görkəmini pozmamalıdır.

Reklam, o cümlədən sosial reklamla bağlı sifariş olmadığı halda, reklam qurğusunun reklam mətni olmadan və yaxud təsvirsiz qalmasına yol verilmir.

Qaçan sətirlə reklam yayımlayan qurğuların reklam səthinin aşağı hissəsində reklam qurğusunun mülkiyyətçisi, onun əlaqə nömrəsi və reklam yerinin nömrəsi barədə məlumat yerləşdirilməlidir.

Son xəbərlər

Orphus sistemi