Əmlak Məsələləri Dövlət Komitəsinin bugünkü hərracında 31 dövlət əmlakı özəlləşdirilib

Əmlak Məsələləri Dövlət Komitəsinin bugünkü hərracında 31 dövlət əmlakı özəlləşdirilib Komitə növbəti hərracı noyabrın 1-də keçirəcək
Biznes
25 Oktyabr , 2016 12:15
Əmlak Məsələləri Dövlət Komitəsinin bugünkü hərracında 31 dövlət əmlakı özəlləşdirilib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlaklarının özəlləşdirilməsi üzrə bu gün növbəti hərracı keçirib. 

"Report" xəbər verir ki, budəfəki hərracda ümumilikdə 31 dövlət əmlakı özəlləşdirilib. Hərracda satılan əmlakların 3-ü səhmdar cəmiyyəti, 16-sı kiçik dövlət müəssisə və obyekti, 3-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 9-u isə nəqliyyat vasitəsi olub. 

Hərracda iştirak edən iddiaçılardan satışa çıxarılan əmlak üzrə hərrac qaydalarına əsasən, ən yüksək qiyməti təklif edənlər hərracın qalibi elan olunub. Bu qaliblər hərrac protokolu və alqı-satqı müqaviləsini imzalayaraq əmlak sahibi olublar. 

Hərracdan sonra bu vətəndaşların özəlləşdirdikləri əmlak üzərində mülkiyyət hüquqlarının təsdiqinə dair dövlət reyestrindən çıxarışlar da qısa müddətdə vətəndaşlara təqdim olunur.
Hərracda özəlləşdirilən 3 iri dövlət müəssisəsindən “SAM” SC sənaye, “İsmayıllı Kəndkimya” ASC aqrar, “Zaqatala Avtonəqliyyat” ASC isə nəqliyyat sahəsinə aid olan müəssisələrdir.

Hərracda satılan kiçik dövlət müəssisə və obyektlərindən 6-sı paytaxtda, 2-si Sumqayıt şəhərində, 3-ü Şəmkirdə, 2-si Gədəbəydə, 1-i Xaçmazda və 2-si isə Gəncə şəhərində yerləşir. Bu əmlakların 9-u ticarət obyekti olub, qalanları isə xidmət və ictimai iaşə sahəsinə aid olub. Özəlləşdirilən 3 istifadəsiz qeyri-yaşayış sahəsinin hamısı Bakı şəhərində yerləşir. Özəlləşən hər bir kiçik dövlət əmlakı kiçik sahibkarlığın qurulması və biznesin inkişafı üçün əlverişli daşınmaz əmlaklardır. 

Qeyd edək ki, Komitənin növbəti hərracı noyabrın 1-də keçiriləcək. Bu hərrac üçün 101 dövlət əmlakı satışa çıxarılıb.

Son xəbərlər

Orphus sistemi