Azərbaycanın iqtisadiyyat naziri İsveçrə səfirini qəbul edib

Azərbaycanın iqtisadiyyat naziri İsveçrə səfirini qəbul edib Şahin Mustafayev: “Azərbaycanda İsveçrə kapitallı 65 şirkət fəaliyyət göstərir”
Biznes
4 Fevral , 2016 11:46
Azərbaycanın iqtisadiyyat naziri İsveçrə səfirini qəbul edib

Bakı. 4 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev İsveçrənin ölkədəki fövqəladə və səlahiyyətli səfiri Filip Ştalderi qəbul edib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə nazir Ş.Mustafayev iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin inkişaf etdiyini qeyd edib. Nazir bildirib ki, Azərbaycanla İsveçrə arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyəti əlaqələrin genişlənməsində önəmli rol oynayır.

Ş.Mustafayev iki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından Komissiyanın bu ilin martında keçiriləcək VII iclasında İsveçrə şirkətlərinin iştirakının, iş adamları arasında biznes forumların, sərgilərin və digər tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda İsveçrə kapitallı 65 şirkət fəaliyyət göstərir.

Görüşdə Ş.Mustafayev səfirə ölkə iqtisadiyyatının diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların cəlb edilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyini səfirin diqqətinə çatdıran nazir bəzi İsveçrə şirkətlərinin Azərbaycanın işğal edilən ərazilərində fəaliyyət göstərməsinin yolverilməz olduğunu, İsveçrə hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğunu deyib.

Səfir F.Ştalder iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində səy göstərəcəyini bildirib. Səfir İsveçrənin Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafını dəstəkləməkdə, bir sıra İsveçrə şirkətlərinin isə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi