Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalıb

Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalıb Avropa İttifaqı ölkələri ilə ticarətdə 8,5 mlrd. dollarlıq müsbət saldo yaranıb
Biznes
19 Yanvar , 2015 16:36
Azərbaycanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi azalıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsi illik müqayisədə təxminən 4% azalaraq 2014-cü ildə 14,671 mlrd. ABŞ dolları təşkil edib.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən il Azərbaycandan Aİ ölkələrinə ixrac 0,47% artaraq 11,568 mlrd. dollara çatıb.

Bu müddətdə idxal əməliyyatlarının həcmində isə əksinə 17,48% azalma müşahidə edilib və idxalın həcmi 3,104 mlrd. dollar təşkil edib. Beləliklə, Aİ ölkələri ilə ticarət dövriyyəsində 8,464 mlrd. dollarlıq müsbət saldo yaranıb. Bildirək ki, bu da öz növbəsində 2013-cü illə müqayisədə 9,18% çoxdur.

Bu ölkələrə cəmi ixracın 41,54%-i və ya 4,806 mlrd. dolları, idxalın isə 8,75%-i və ya 272,6 mln. dolları İtaliya ilə əməliyyatların payına düşüb. 2013-cü illə müqayisədə İtaliyaya ixracda 19,77% azalma, idxalda isə 10,08% artım qeydə alınıb. Azərbaycanın əsas ticarət tərəfdaşları arasında bu ölkə birincidir və Azərbaycanın cəmi ticarət dövriyyəsində payı 16,37% təşkil edir. İtaliyanın Azərbaycanın məcmu ixracında xüsusi çəkisi 22,02%, idxalında isə 2,97% təşkil edir.

Qeyd edək ki, Azərbaycan 2014-cü ildə 150 ölkə ilə 31,016 mlrd. dollar həcmində ticarət əməliyyatları həyata keçirib. Ticarət dövriyyəsinin 21,829 mlrd. dolları ixrac, 9,188 mlrd. dolları isə idxal əməliyyatlarının payına düşüb. Beləliklə, ticarət dövriyyəsində 12,641 mlrd. dollarlıq müsbət saldo yaranıb.

Bildirək ki, ötən il Azərbaycana 6 146 çeşiddə mal idxal olunub və 2 151 çeşiddə mal ixrac edilib.

Son xəbərlər

Orphus sistemi