Rusiyada yaşayan soydaşlarımız Azərbaycandakı əmlaklarını satışa çıxarmağa başlayıb

Rusiyada yaşayan soydaşlarımız Azərbaycandakı əmlaklarını satışa çıxarmağa başlayıb ABŞ və Qərbin sanksiyalarına məruz qalan Rusiyanın hazırkı durumu orada yaşayan, işləyən azərbaycanlılara da öz təsirini göstərəcək. Belə ki, Rusiyada yaşayan əhalinin və biznesin ucuz pullara çıxış imkanları məhdudlaşması, iqtisadi fəallığın aşağı düşməs
Biznes
5 Mart , 2022 14:48
Rusiyada yaşayan soydaşlarımız Azərbaycandakı əmlaklarını satışa çıxarmağa başlayıb

ABŞ və Avropanın sanksiyalarına məruz qalan Rusiyanın hazırkı durumu orada yaşayan, işləyən azərbaycanlılara da öz təsirini göstərəcək. Belə ki, Rusiyada yaşayan əhalinin və biznesin ucuz pullara çıxış imkanları məhdudlaşması, iqtisadi fəallığın aşağı düşməsi nəticəsində öz tarixi vətənlərinə üz tutacağı ehtimal olunan soydaşlarımızın buradakı evlərini satışa çıxaracağı da gözlənilir. Bəs bu əmlak bazarına necə təsir edə bilər? Həmin təsir artıq hiss olunurmu?

“Report”a mövzu ilə bağlı açıqlama verən əmlak üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, təsir qaçılmazdır:

2014-15-ci illərdə Rusiyada baş verən devalvasiya vaxtı Rusiyada əksər iqtisadi sahələr çökməyə başladı. Bu sahələr daha çox xarici ölkələrlə əlaqəsi olanlar idi. Həmin dövrdə Rusiyada yaşayan azərbaycanlılar Bakıda və digər şəhərlərdə olan daşınmaz əmlaklarını satışa çıxardılar və nəticədə mənzil bazarında təkliflər çoxaldı, qiymətlər aşağı düşdü. Satışdan əldə olunan pul isə Rusiyaya aparıldı. Görünür ki, həmin proses yenidən başlayır”.

Hazırda Rusiyaya tətbiq olunan sanksiyaların iqtisadiyyatı, xüsusilə də istehsal sahəsini çökdürdüyünü deyən ekspert bunun soydaşlarımıza təsirini belə izah edir:

 Elnur Fərzəliyev
Elnur Fərzəliyev

“Hazırda Rusiyada yaşayan 2 milyondan çox azərbaycanlının əmək qabiliyyətində olanlarının çoxu bizneslə məşğuldur. Hazırda onların işinə də təsir edən iqtisadi çöküş həmin biznesmenləri buradakı əmlaklarını satıb, pul əldə etmək məcburiyyətinə çatdıracaq. Bəziləri bunu bizneslərini ayaqda saxlamaq üçün, bəziləri isə dolların dəyərə mindiyi bir vaxtda Rusiyanın müxtəlif şəhərlərində daşınmaz əmlak almaq üçün edəcək. Çünki orada dolların qiyməti qalxsa da, rublla olan qiymətlər dəyişilməz olaraq qalacaq”.

E.Fərzəliyev deyir ki, artıq bir neçə gündür ki, Rusiyada yaşayan soydaşlarımız Bakıdakı alqı-satqı ofisləri ilə danışıqlar aparır, əmlaklarını qiymətləndirirlər. Yəni bu istiqamətdə proses artıq başlayıb:

“Son illər Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlər artan istiqamətdədir. Son il yarım ərzində tikinti materiallarının qiymətinin artması da bu məsələdə öz sözünü deyir. Hazırkı fors-major durum isə paytaxtda yüzlərlə, minlərlə daşınmaz əmlakın eyni zamanda bazara çıxarılacağını, bu isə öz növbəsində qiymətlərdə eniş olacağını vəd edir”.

Daşınmaz əmlak üzrə ekspert Elnur Əsədov isə əksinə, qiymətlərdə ciddi fərqin ola biləcəyini düşünmür:

“Azərbaycanda alınan daşınmaz əmlakın təxminən, 5-7 %-ə kimi Rusiyada yaşayan azərbaycanlıların payına düşür. Ümumi bazara bu həcmdə əmlakın çıxarılması ciddi təsir etməyəcək. Ümumiyyətlə, yaxın 6 ay ərzində daşınmaz əmlak sektorunda ciddi dəyişiklik gözlənilmir”.

Son xəbərlər

Orphus sistemi