“Bakı-2015”in məşəli Qobustan Milli Tarix-Bədii Qoruğuna gətirildi

“Bakı-2015”in məşəli Qobustan Milli Tarix-Bədii Qoruğuna gətirildi “Bakı-2015”in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır
Avropa Oyunları
6 İyun , 2015 19:50
“Bakı-2015”in məşəli Qobustan Milli Tarix-Bədii Qoruğuna gətirildi

Bakı. 6 İyun. REPORT.AZ/ “Bakı-2015”in məşəlinin birinci Avropa Oyunlarının keçiriləcəyi paytaxt şəhərə daxil olmazdan əvvəl son dayanacağı iyunun 6-da Qobustan Milli Tarix-Bədii Qoruğu oldu. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, arxeoloji muzeyin qarşısından məşəl estafetinin paytaxt Bakıdan kənar son mərhələsi başlandı.

1,8 kilometr məsafəni əhatə edən estafet yürüşünü “Sabahın alimləri” müsabiqəsinin, tarix fənni üzrə olimpiadanın və “Heydər Əliyev-92” inşa müsabiqəsinin qalibi Səbinə Qədirova başladı. Estafet yürüşündə Minəxanım Bayramova, Aysel İsmayıllı, İmran Həsənov, Nilgün Məhərrəmova, Adil Əliyev, Süleyman Mahmudov, Kamilla Bayramova, Elxan Əliyev iştirak etdilər. Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq “Bakı-2015”in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, Prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırdı.

Mərasim “Bakı-2015”ə həsr olunmuş bədii proqramla davam etdirildi. “Bakı-2015”in məşəli ilə yandırılan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim etdi.

Beləliklə, “Bakı-2015”in məşəli paytaxta qədəm qoymağa hazırdır. İyunun 7-də məşəl paytaxt Bakıya çatdırılacaq və iyunun 12-dək – birinci Avropa Oyunlarının tarixi açılış mərasimi başlayana qədər paytaxtın gəzməli-görməli yerlərinə səyahət edəcək.

Xatırladaq ki, “Bakı-2015” birinci Avropa Oyunlarının məşəli Atəşgah Məbədindən götürülmüş alovla aprelin 27-də Bakıdan yola salınıb və iyunun 7-də paytaxta qaytarılana qədər, təxminən 5500 kilometr məsafə qət edib.

Son xəbərlər

Orphus sistemi