​Kənd Təsərrüfatı Nazirliyi biznes idarəçiliyi üzrə beynəlxalq mütəxəssislər hazırlayacaq

​Kənd Təsərrüfatı Nazirliyi biznes idarəçiliyi üzrə beynəlxalq mütəxəssislər hazırlayacaq Bu məqsədlə ADA Universiteti ilə anlaşma imzalanıb
ASK
16 İyul , 2015 16:32
​Kənd Təsərrüfatı Nazirliyi biznes idarəçiliyi üzrə beynəlxalq mütəxəssislər hazırlayacaq

Bakı. 16 iyul. REPORT.AZ/ Bu gün ADA Universitetində kənd təsərrüfatı naziri Heydər Əsədov və xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin iştirakı ilə kənd təsərrüfatı sahəsində biznes idarəçiliyi üzrə beynəlxalq magistr proqramının həyata keçirilməsinə dair anlaşma memorandumu imzalanıb. 

Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, memorandumun əsas məqsədi aqrar sahədə yüksək ixtisaslı kadrların hazırlanması və təminatı sisteminin yaxşılaşdırılması üçün nazirliyin dəstəyi ilə ADA Universitetində müvafiq ixtisasın tədrisini səmərəli şəkildə təşkil edib həyata keçirməkdir.

ADA Universitetinin rektoru H.Paşayev iqtisadiyyatda kənd təsərrüfatının önəmli sahələrdən biri olduğunu vurğulayıb və bu proqramın uğurla həyata keçəcəyinə əminliyini ifadə edib. H.Əsədov Azərbaycanın tarixən aqrar ölkə olduğunu, ölkədə həyata keçirilən aqrar siyasət, aqrar sahədə kadr hazırlığının vacibliyini qeyd edib. İlk dəfə imzalanan bu memorandumun ADA Universiteti ilə Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlığa öz töhvəsini verəcəyini diqqətə çatdırıb, gələcəkdə də bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcəyini bildirib.

17 ay davam edəcək tədris proqramını müvəffəqiyyətlə bitirənlər ADA Universitetinin magistrantı dərəcəsini qazanacaqlar. ADA Universiteti Azərbaycan Dövlət Aqrar Universiteti ilə zəruri əlaqələndimə və əməkdaşlığı həyata keçirəcək. İlk qəbul 2016-2017-ci tədris ilində nəzərdə tutulub. İxtisası seçənlər MBA tədris proqramı çərçivəsində kənd təsərrüfatı sənayesinin əsasları, iqtisadiyyatı, maliyyələşməsi, marketinqi, idarə edilməsi üzrə nəzəri fənnlər və praktiki seminarlar keçəcəklər. Magistrantlar beynəlxalq təcrübədən yararlanmaq məqsədi ilə xaricə təhsil mübadiləsi səfəri də edəcəklər.

Görüşdən əvvəl H.Əsədov ADA Universitetinin fəaliyyəti ilə tanış olub.

Son xəbərlər

Orphus sistemi