Türkiyəli publisist: "Parisdəki terror islamın siyasiləşdirilməsində qazanan şəxslərə sərfəlidir - ŞƏRH

Türkiyəli publisist: "Parisdəki terror islamın siyasiləşdirilməsində qazanan şəxslərə sərfəlidir - ŞƏRH "Bu hadisələrin islamla heç bir əlaqəsi yoxdur"
Analitika
12 Yanvar , 2015 13:38
Türkiyəli publisist: Parisdəki terror islamın siyasiləşdirilməsində qazanan şəxslərə sərfəlidir - ŞƏRH

Bakı. 12 yanvar. REPORT.AZ/ "Hesab edirəm ki, Parisdə jurnalistlərə hücum - söz azadlığı və vicdan azadlığına qarşı vəhşicəsinə törədilmiş hadisədir". Bunu "Report"a türkiyəli publisist, filoloq Ulaş Gökçe  "Charlie Hebdo" jurnalının redaksiyasına terrorçuların hücumunu şərh edərkən bildirib. 

"Müsəlmanlar dini liderlərin onları hansı səmtə sürüklədikləri haqqında düşünməlidirlər", - U.Gökçe bildirib.

Gökçe qeyd edib ki, ilk növbədə bunun kimin üçün sərfəli olduğunu müəyyən etmək lazımdır: "Müsəlmanlara? Xeyr. Onlar həm Avropada, həm də bütün dünyada səfil vəziyyətinə düşəcəklər. ABŞ və Avropaya? Xeyr. Onların ərazilərində müharibə istəmirlər. Bunlar hamısı islamın siyasiləşdirilməsində qazanan şəxslərə, öz biznes və dövlətini din üzərində quranlara sərfəlidir".

Onun sözlərinə görə, bu, həmçinin jurnalı və onun əməkdaşlarını tənqid edən şəxslərə, yəni dini fanatiklərə və neft şeyxlərinə, onlarla gəlirləri paylaşan Qərb tərəfdaşlarına sərfəlidir.

Öz növbəsində türkiyəli digər ilahiyyatçı Sadık Eraslan qeyd edib ki, islam qaydalarına əsasən, bir insan digər insanın həyatına qəsd edə bilməz.

"Bu hadisələrin islamla heç bir əlaqəsi yoxdur", - o vurğulayıb və bildirib ki, islama qarşı ədalətsizlik mövcuddur. 

"Fransa prezidenti Fransua Olland öz çıxışında bəyan edib ki, bu hadisəni islamla əlaqələndirmək olmaz. Bu din qətl və zorakılıq dini deyil, əksinə, sülh və əmin-amanlıq dinidir. İslam günahsız insanları öldürməyə çağırmır", - S.Eraslan deyib. 

"Bir müsəlmanın hər hansı bir neqativ hərəkətini bütün müsəlmanlara şamil etmək olmaz", - ilahiyyatçı vurğulayıb.   

Son xəbərlər

Orphus sistemi