Putinin ​Suriya ilə bağlı yeni manevri: Bəşşar Əsəd Kremldə - ŞƏRH

Putinin ​Suriya ilə bağlı yeni manevri: Bəşşar Əsəd Kremldə - ŞƏRH Rusiya da Suriyadakı hava əməliyyatlarının xeyrinə olmadığını görməyə başlayıb
Analitika
21 Oktyabr , 2015 16:30
Putinin ​Suriya ilə bağlı yeni manevri: Bəşşar Əsəd Kremldə - ŞƏRH

Bakı. 21 oktyabr. REPORT.AZ/ Suriyadakı rejimin başçısı Bəşşar Əsəd ötən gecə Moskvada səfərdə olub.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmtri Peskov bildirib. Onun sözlərinə görə, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Bəşşar Əsəd arasında görüş keçirilib.

Görüşdə Rusiyanın Suriyada keçirdiyi hərbi əməliyyatların davam etdirilməsi müzakirə olunub. 

D.Peskov deyib ki, danışıqlarda Rusiyanın yüksək vəzifəli rəsmiləri iştirak edib: "Danışıqlar kifayət qədər uzun sürüb. Müzakirə edilən mövzu isə tam aydındır".

Görüşün təfərrüatları açıqlanmasa da, bir sıra mülahizələr irəli sürmək mümkündür. Əvvəlcə onu qeyd edək ki, Rusiyanın sentyabrın 30-dan bəri Suriyada keçirdiyi 500-ə yaxın hava əməliyyatının nəticələri haqda müxtəlif məlumatlar yayılıb.

Rəsmi Moskva İŞİD-in mövqelərini vurduğunu bildirsə də, ABŞ və onun müttəfiqləri Rusiyanın mötədil müxalifətin nəzarəti altında olan əraziləri bombaladığını iddia edir. Hətta rusların keçirdiyi 21 günlük əməliyyat nəticəsində 370 nəfərin, o cümlədən 120 dinc sakinin öldürüldüyü barədə xəbər yayılıb.

Bundan başqa, Kremlin istəyinə baxmayaraq, ABŞ Suriyadakı əməliyyatlarda Rusiya ilə əməkdaşlıq etməyəcəyini açıqlayıb. 

ABŞ Dövlət Departamentinin rəsmisi Con Kirbi bildirib ki, Suriyanın hava məkanında uçuşların təhlükəsizliyinə dair memorandum Vaşinqtonla Moskva arasında fikir ayrılığını aradan qaldırmır. Onun sözlərinə görə, Pentaqonla Rusiyanın Müdafiə Nazirliyi arasında razılaşdırılan bu sənəd çox vacib addımdır, ancaq ABŞ-ın Suriya ilə bağlı narahatlığı qalmaqdadır. Çünkü rəsmi Vaşinqton hesab edir ki, Bəşşar Əsəd rejiminə verilən hərbi dəstək dayandırılmalıdır. C.Kirbi onu da qeyd edib ki, Bəşşar Əsədin legitimliyini itirməsi ilə bağlı ABŞ-ın mövqeyində dəyişiklik yoxdur.

Bununla belə, ABŞ rəsmiləri keçid dövründəki prosesdə Əsədin dolayısı ilə iştirakını istisna etmir.

O zaman belə bir sual yaranır: Moskvanın Suriyadakı əməliyyatları İŞİD-in vurulması ilə bağlı istənilən səmərəni verdimi? Türkiyə və Qərb mətbuatının yaydığı məlumatlara inansaq, bu suala müsbət cavab vermək mümkün deyil. 

Qərb siyasətçiləri və rəsmiləri Suriya məsələsinin həlli prosesində bölgədəki dövlətlərin, o cümlədən Türkiyə və İranın yaxından iştirakını təklif edirlər.

Ötən gün ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Türkiyəyə səfəri də maraq doğurur. Onun Ankarada Suriya məsələsini müzakirə etdiyi istisna edilimir.

Türkiyə də digər müttəfiqləri kimi Suriyada qurulacaq hökumətdə Əsədin iştirakını istəmirdi. Ancaq rəsmi Ankaranın bu məsələdə mövqeyində dəyişiklik baş verib. Türkiyə "Əsədli keçid prosesinə hazırıq" açıqlamasını verməklə hadisələrin inkişafına təsir göstərib. Bu açıqlamadan sonra Bəşşar Əsəd Moskvada Rusiya prezidenti ilə görüşüb. 

O zaman Suriyadakı rejimin başçısının Moskva səfərinin səbəb və nəticələri ilə bağlı aşağıdakı ehtimalları irəli sürmək olar:

- Tərəflər problemin güc vasitəsilə həllinin mümkünsüzlüyünü anlayırlar. Başqa sözlə, həm də Rusiyanın bölgədə mövcudluğunun Qərbə sərf etmədiyi təsdiqlənir. Rusiya da hava əməliyyatlarının xeyrinə olmadığını görməyə başlayıb. Bu əməliyyatlar Rusiyanın beynəlxalq nüfuzuna zərbə vurmağa başlayıb;

- Suriyanın ərazi bütövlüyünün toxunulmazlığı müzakirə edilib. Perspektivdə bu məsələnin qonşu dövlətlər və aparıcı güclər tərəfindən müzakirə ediləcəyi istisna olunmur;

- Bəşşar Əsədin keçid prosesində iştirakının təmin edilməsi reallaşa bilər;

- Vladimir Putin Əsədi Kremldə qəbul etməklə Rusiyanın bölgəyə təsir etmək imkanlarını göstərir və yeni manevrlərə hazırlaşır;

- Suriyanın beynəlxalq güclərin nüfuz dairəsinə bölünməsində Moskvanın maraqlarının təmin olunması və bu məsələdə Bəşşar Əsədin rolu;

- Putin-Əsəd görüşündə kürdlərə verilən vədlərin yerinə yetirilməsinin müzakirəsi.

Yeri gəlmişkən, terrorçu PKK-nın Suriyadakı qolu "PYD"nin lideri Selih Müslüm də Rusiyada səfərdədir. Onun iddiasına görə, "PYD"siz bu ölkədə İŞİD-i məhv etmək mümkün olmayacaq və Rusiya bu qruplaşma ilə birgə fəaliyyət göstərməlidir. 

Digər tərəfdən isə Moskvanın Suriyadakı kürdlərə muxtariyyət vəd etdiyi barədə də məlumatlar yayılıb.

Beləliklə, Bəşşar Əsədin Moskva ziyarəti Suriyada yeni siyasi-hərbi vəziyyətin yarandığını, bunun ölkənin gələcəyinə təsirsiz ötüşməyəcəyini ehtimal etməyə imkan verir. 

Son xəbərlər

Orphus sistemi