​Putin Sarqsyana yeni təlimatlar verib - ŞƏRH

​Putin Sarqsyana yeni təlimatlar verib - ŞƏRH Ermənistanın mövcud vəziyyəti onu göstərir ki, Yerevan artıq Dağlıq Qarabağı işğal altında saxlamaqda çətinlik çəkir
Analitika
8 Sentyabr , 2015 17:05
​Putin Sarqsyana yeni təlimatlar verib - ŞƏRH

Bakı. 8 sentyabr. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya işgüzar səfərindən bir həftə sonra Ermənistan prezident Serj Sarqsyan Rusiyanı ziyarət edib.

O, qısa işgüzar səfəri zamanı Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Tərəflər arasında bir sıra sahələrdə əməkdaşlıq üzrə müzakirələrin aparıldığı bildirilib. Kremlin başçısı iki ölkə arasında son 6 ayda ticarət dövriyyəsinin aşağı düşməsindən və onun səbəblərinin araşdırılmasından danışıb.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsi 14,3 faiz azalaraq 653,5 milyon dollar təşkil edib. Ermənistanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 24,6 faiz olub. 2015-ci ilin ilk 3 ayı ərzində Ermənistanla Rusiya arasında xarici ticarət dövriyyəsi 41,2% azalaraq 190,3 milyon dollar təşkil edib.

Görüşdə Ermənistan Atom Elektrik Stansiyasının yeni enerji blokunun tikintisində Rusiyanın iştirakı perspektivindən danışılıb.

S.Sarqsyan rusiyalı həmkarına Ermənistan Silahlı Qüvvələrinin silah arsenalını gücləndirmək məqsədilə Moskvanın 200 milyon dollar güzəştli kredit ayırmasına görə təşəkkürünü bildirib.

Moskvanın Yerevana ayırdığı bu məbləğ Rusiyadan silah almağa sərf ediləcək. Başqa sözlə, Rusiya Ermənistana yaxın vaxtlarda 200 milyon dollarlıq silah verəcək. Həmin pulla yeni hücum və müdafiə xarakterli silah, texnika, eləcə də yeni qurğu alınacaq. Bütün bunların hamısı Ermənistan ordusunun hərtərəfli yenidən silahlanması məqsədilə həyata keçirilir.

Bir müddət əvvəl Rusiyanın Ermənistana "İskander-M" raket kompleksi satmaq istəməsi ilə bağlı da xəbər yayılmışdı. Ermənistanın hərbi rəsmiləri bildirib ki, Rusiya ilə çeşidli hücum, o cümlədən, uzaqmənzilli silahın alınmasına dair danışıqlar aparılır.

Mütəxəssislər "İskander-M"in bir neçə tipinin olduğunu bildiriblər. Rusiya Silahlı Qüvvələrində bu raket kompleksinin 500 km uzaqlıqdakı hədəfi vuran növü mövcuddur.

Sövdələşmə baş tutarsa, o zaman Rusiyadan sonra Ermənistan "İskander-M" raket kompleksinə malik ikinci dövlət ola bilər.

S.Sarqsyan Rusiyanın Gümrüdəkli 102 saylı hərbi bazasının əsgəri Valeri Permyakovun Ermənistanda da mühakimə edilməsinə icazə verdiyinə görə Moskvaya minnətdarlıq edib.

Qeyd edək ki, hərbi hissədə keçirilən məhkəmə prosesi 7 müki ermənini qətlə yetirən rus əsgərinə hərbi hissəni özbaşına tərk etdiyi və silahı qanunsuz olaraq üzərində daşıdığı üçün 10 il cəza verilib. Onun 7 ermənini qətlə yetirməsi məsələsinə isə Ermənistan məhkəməsi baxacaq.

Heç şübhəsiz görüşdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki, təmas xəttindəki vəziyyətdən də danışılıb.

Odur ki, Serj Sarqsyan Moskvaya səfərini ölkə üçün çox çətin bir dövrdə həyata keçirir:

- Ermənistanda ciddi iqtisadi-maliyyə böhranı;

- Ölkədə siyasi islahatların aparılmasına məcburi addımların atılması ehtimalının artması (bura Konstitusiya islahatları da daxildir);

- Avrasiya İqtisadi İttifaqına üzv olandan sonra Avropa İttifaqı ilə münasibətlərində yaranmış problem (Avropa İttifaqı rəsmiləri bildirib ki, "Şərq tərəfdaşları" sayılan avroasiyaçı Belarus və Ermənistanla assosiativ müqavilə fərqli və əlahiddə olacaq);

- Ölkədə anti-Rusiya ovqatının yarana biləcəyi ehtimalının güclənməsi;

- Ermənistan ordusunda mənəvi ruh düşkünlüyünün artması və s.

S.Lavrov Azərbaycana səfər edəndən sonra Azərbaycan-Ermənistan sərhədində və təmas xəttində gərginliyin artmasının da təsadüfi olmadığını ehtimal etmək olar.

Ermənistanın mövcud vəziyyəti onu göstərir ki, Yerevan artıq Dağlıq Qarabağı işğal altında saxlamaqda çətinlik çəkir. Ona görə də ehtimal etmək olar ki, Sarqsyan Putindən yeni təlimatlar alıb. Bu təlimatlar yuxarıda sadaladığımız və sadalamadığımız bütün amillərə şamil edilə bilər.

Lavrovun Bakını ziyarətini Azərbaycan Prezidenti ilə Serj Sarqsyanın görüşünə hazırlıq olduğunu da ehitimal etmək olar. Bu hazırlığı başqalarının da gördüyü istisna edilmir. Ötən gün Fransanın Yerevandakı səfiri Jan-Fransua Şarpantye bildirib ki, ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında ən yüksək səviyyədə danışıqların bərpa edilməsi istiqamətində fəaliyyət göstərir.

Moskvanın hər iki tərəflə intensiv görüşü deməyə əsas verir ki, Rusiya münaqişənin həllində aparıcı olmaq niyyətindədir və öz üstünlüyünü heç kimə güzəştə getmək niyyətində belə deyil. Ermənistan üçün indiki status-kvo sərf edir. O buna görə Rusiyadan hərtərəfli yardım almaqla mövcudluğunu qorumağa çalışır.

Azərbaycanı isə Dağqlıq Qarabağın işğalı və onunla bağlı baş verənlər heç cür təmin etmir. Ötən müddət ərzində ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər münaqişənin həllinə yardım etməkdənsə, əksinə, işğalçıya hətta hərbi yardım belə ediblər. Bura Rusiyanın 200 milyon dollarlıq güzəştli krediti də daxildir.

Yeri gəlmişkən ABŞ və Avropa İttifaqı son 8 ildə (2006-2014-cü illərdə) Ermənistan hökumətinə 542 milyon dollar, ABŞ və Çin son 10 ildə Ermənistan Müdafiə Nazirliyinə 45 milyon 500 min dollar məbləğində qrant verib. Təbii ki, bu, elan edilən məbləğdir.

Beləliklə, Serj Sarqsyanın səfəri və Rusiya lideri ilə keçirdiyi görüşlə bağlı yayılan xəbərlər bir daha sübut edir ki, Ermənistan hələ uzun müddət Cənubi Qafqazda Rusiyanın maraqlarının ifaçısı olacaq...

Son xəbərlər

Orphus sistemi