Türkiyə ​parlamentinə sədr seçkisi koalisiya hökumətinin ortaqlarını da aşkarladı - ŞƏRH

Türkiyə ​parlamentinə sədr seçkisi koalisiya hökumətinin ortaqlarını da aşkarladı - ŞƏRH Bu tərəfdaşın CHP və HDP olacağı ehtimalı azdır və yenə də diqqət MHP-nin üzərindədir
Analitika
2 İyul , 2015 16:47
Türkiyə ​parlamentinə sədr seçkisi koalisiya hökumətinin ortaqlarını da aşkarladı - ŞƏRH

Bakı. 2 iyul. REPORT.AZ/ Uzun sürən müzakirələrdən sonra Türkiyə Böyük Millət Məclisinin sədri məlum oldu. Dünən üçüncü turda Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, keçmiş müdafiə naziri İsmət Yılmaz parlament sədri seçilib. Daxili qaydalara əsasən, üçüncü turda millət vəkillərinin səsinin yarıdan çoxunu qazanan namizəd parlament sədri olur.

Səsvermədə 547 millət vəkili iştirak edib. İ.Yılmaza 258 səs, Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Dəniz Baykala 182 səs verilib. 29 bülleten boş olub. Müxalif Milliyyətçi Hərəkat Partiyasını təmsil edən deputatlar sesverməyə qatılmayıblar. 

Qeyd edək ki, 25-ci çağırış TBMM-də AKP 258, CXP 132, MHP 80, HDP 80 millət vəkili ilə təmsil olunur. Məclis isə 550 deputatdan formalaşır.

Beləliklə, millət vəkilləri sədr seçkisini uğurla başa çatdrımaqla yeni Türkiyənin qurulması yolunda ilk addımı ata bildilər.

Növbəti mərhələ koalisiya hökumətinin qurulmasıdır. Parlamentə sədr seçkisində qurulacaq hökumətdə AKP-yə yardım edəcək qüvvə özünü gizlətməyə çalışsa da, bəzi nüanslar gün işığına çıxmağa başladı. MHP 3-cü turda səsvermədə iştirak etməməklə İsmət Yılmazın sədr olmasına yardım etdi.

Heç şübhəsiz, bu CHP və Xalqların Demokratik Partiyası (HDP) liderlərinin diqqətindən yayınmadı. Onlar MHP-ni az qala müxalifət düşərgəsinə "xəyanətdə" suçlayırlar.

MHP isə seçkidən dərhal sonra parlamentdə təmsil olunan müxalifət partiyalarının koalisiya yaratması ilə bağlı mövqeyini gizlətməmişdi. Partiya lideri Dövlət Bağçalı bildirmişdi ki, terrorçu PKK-nın siyasi qolu olan HDP ilə heç bir koalisiyada iştirak etməyəcəklər. CHP sədrinin MHP liderinə koalisya hökumətində baş nazirlik təklifi də bu baxımdan qəbul edilmədi.

Parlament rəhbəri seçkisindən sonra AKP lideri və baş nazir səlahiyyətlərini icra edən Əhməd Davudoğlu MHP ilə qurulacaq koalisiya hökuməti haqda iddialara belə cavab vermişdi: "MHP-nin çəkisi koalisiya ilə bağlı mesaj yollamağa imkan vermir. Onların qərarı prosesin nəticəsidir. Siyasi əxlaq baxımından başqa partiyaların da bunu yozmasını doğru saymıram. CHP və MHP-yə münasibətdə eyni məsafədəyik".

Parlamentə sədr seçkisi həm də qurulacaq koalisiya hökumətində AKP-nin tərəfdaşını müəyyənləşdirib. Bu tərəfdaşın CHP və HDP olacağı ehtimalı azdır.

AKP məclisdə 258 millət vəkili ilə bütöv bir komanda şəklində çıxış elədi. Bu siyasi qurumun deputatları sədr seçkisindəki davranışı ilə bunu təsdiqlədi. Öz namizədini dəstəkləyib, TBMM sədrliyini hökumət quruculuğunun bazarlıq predmetinə çevirməməsi onu göstərdi ki, AKP koalisiyanın qurulacağından arxayındır.

Parlament sədri seçkisindən bir gün öncə bu siyasi qurumun lideri tərəfindən azlıq hökuməti haqda verilən bəyanatın da əsassız olmadığı ortaya çıxdı.

Bu baxımdan MHP koalisiyada birbaşa iştirak etməsə də, kənardan dəstəkləməklə AKP-nin təkbaşına belə bir hökumət qurmasına yardım edə bilər.

Fikrimizcə, növbədənkənar seçkinin keçirilməsi mövcud şəraitdə müxalifətə fayda gətirməz. Çünki növbədənkənar seçkidə onların parlamentdə indiki sayda millət vəkili ilə təmsil olunacaqları da gözlənilən deyil.

Belə bir siyasi səhnə müəyyən mənada Türkiyənin vəziyyətini də əks etdirir. Başqa sözlə, yeni Türkiyənin məsuliyyəti bir siyasi təşkilatın deyil, ölkədəki bütün siyasi qüvvələrin üzərinə düşür. Kəmiyyət deyil, keyfiyyət dəyişikliyi və bölgədə demokratik lider dövlət olmaq baxımından isə Türkiyədə görüləcək işlər az deyil... 

Son xəbərlər

Orphus sistemi