Ekspertlər: "Roqozinin səfəri Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir" - RƏY

Ekspertlər: "Roqozinin səfəri Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir" - RƏY Kuznetsov: "Azərbaycan Rusiya ilə ticarət əməkdaşlığını genişləndirməyə çalışır"
Analitika
5 Mart , 2016 10:03
Ekspertlər: Roqozinin səfəri Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu göstərir - RƏY

Bakı. 5 mart. REPORT.AZ/ Rusiya baş nazirinin müavini Dmitri Roqozin və xarici işlər nazirinin müavini Qriqori Karasinin Bakıya səfərini şərh edən ekspertlər hesab edir ki, D.Roqozinin səfəri Azərbaycan və Rusiya prezidentləri arasında son telefon danışığı zamanı razılaşdırıla biləcək əməkdaşlığın sənədli rəsmiləşdirilməsi ilə bağlı olub.

Azərbaycanlı politoloq İlqar Vəlizadə "Report"a açıqlamasında KİV-də guya Azərbaycanın Rusiya silahını almaqdan imtina etməsiylə bağlı yayılmış xəbərlərin həqiqətə uyğun olmadığını bildirib. Onun fikrincə, Azərbaycan tədarükün həyata keçirildiyi mərhələdə Rusiya silahından imtina edə bilməz. Politoloq həmçinin bu silahların Azərbaycan ordusunun ehtiyacları üçün zəruri olduğunu da vurğulayıb.

İ.Vəlizadə Rusiya baş nazirinin müavininin Bakıya səfərinin əsas məqsədlərindən biri kimi Azərbaycan və Rusiya prezidentləri arasında son telefon danışığı zamanı razılaşdırıla biləcək əməkdaşlığın sənədli rəsmiləşdirilməsini göstərib.

Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Bakıya səfəri barədə danışan politoloq qeyd edib ki, çox güman Rusiya və Azərbaycan arasında bir sıra istiqamətlərdə əməkdaşlığın artırılmasına yönəlik hansısa çərçivə sazişi hazırlanır.

"Onun səfəri həmçinin üçtərəfli formatda (Azərbaycan, İran, Rusiya) görüşün hazırlanması ilə bağlı ola bilərdi", - deyə İ.Vəlizadə bildirib.

Q.Karasinin bu yaxınlarda İrana səfərini xatırladan politoloq üç ölkənin xarici işlər nazirlərinin görüşünün və bu görüşdə əməkdaşlıq məsələlərinin müzakirə olunacağının mümkünlüyünü qeyd edib.

İ.Vəlizadə Q.Karasinin Rusiya diplomatik mühitində münaqişələr üzrə ekspert kimi tanındığını xüsusi vurğulayıb: "O, çox tanınmış vasitəçidir. İstisna etmirəm ki, nazir müavininin Azərbaycan rəhbərliyi ilə danışıqlarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi, o cümlədən məsələnin həlli üçün müəyyən və konkret təkliflər müzakirə olunacaq".

Öz növbəsində, rusiyalı politoloq Oleq Kuznetsov da danışıqlarda və ondan sonrakı rəsmi şərhlərdə və bəyanatlarda dostluq və xoşniyyətli çalarların olduğunu diqqətə çatdırıb.

"Mətbuat üçün açıq olan danışıqlarda səslənən fikirləri dinləmək kifayətdir ki, Suriya ətrafındakı xarici siyasət dəyişikliyinin, zülmkar İŞİD terror qruplaşması ilə mübarizənin, Rusiya-Türkiyə münasibətlərində yaşanan böhranın Rusiya-Azərbaycan iqtisadi əməkdaşlığına təsir etmədiyini anlayasan", - deyə O.Kuznetsov bildirib.

Politoloqoun sözlərinə görə, baş nazirin müavini Rusiya-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri olduğundan, onun Bakıya səfəri zamanı siyasi məsələlərə toxunmayıb və yalnız iqtisadi məsələlər müzakirə olunub.

O.Kuznetsov qeyd edib ki, D.Roqozinin Bakıya səfəri bir daha Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələrin ən yüksək səviyyədə olduğunu göstərir.

"Ölkəniz Rusiya ilə ticarət əməkdaşlığını genişləndirməyə çalışır. Bu da qlobal iqtisadi böhran kontekstində olduqca təbii və qanunauyğundur", - deyə o bildirib.

Politoloq həmçinin Azərbaycanın Rusiya-İran iqtisadi tərəfdaşlığına qatıldığına işarə edərək Azərbaycanın bu iki ölkə arasında mal axını logistikasını təmin edəcəyini vurğulayıb.

"Ölkənizin "Uralvaqonzavod"dan təkcə tank və zirehli nəqliyyat vasitələri deyil, həm də 17 min dəmir yolu vaqonu və sisterni sifariş etməsi onu göstərir ki, Azərbaycan "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin cənub seqmentində nəqliyyat operatoru olmaqda, iqtisadi əməkdaşlığın konkret və real məsələlərini gözəgörünməz siyasi ideallar və ya hətta stereotiplərdən üstün tutaraq logistikada ciddi pul qazanmaqda olduqca qərarlıdır", - deyə o əlavə edib.

Son xəbərlər

Orphus sistemi