Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib

Biznes
  • 29 aprel, 2026
  • 12:06
Azərbaycan sahibkarları Prezident İlham Əliyevə müraciət edib

Bu gün Bakıda keçirilən, "Sahibkarlar Günü"nə həsr olunmuş "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda tədbirin iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

"Report" xəbər verir ki, müraciəti sahibkarların adından Məlhəm Beynəlxalq Hospitalın icraçı direktoru Sevda Əlizadə oxuyub.

Müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident!

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan milli birlik və müstəqil dövlətçilik siyasəti bu gün də uğurla davam etdirilir. Sizin bu strateji kursa sadiq qalaraq həyata keçirdiyiniz uzaqgörən və qətiyyətli siyasətiniz nəticəsində dünyada baş verən mürəkkəb və dəyişkən geosiyasi şəraitdə Azərbaycan sabitliyini qoruyur, dayanıqlı inkişafını təmin edir və yeni iqtisadi mərhələyə inamla qədəm qoyur.

Sizin təşəbbüsünüz və Sərəncamınızla təsis olunmuş "Sahibkarlar Günü"nün bu il 10 illiyinin qeyd olunması ölkədə özəl sektorun inkişafına verilən yüksək dəyərin bariz nümunəsidir. Ötən dövr ərzində sahibkarlığın inkişafı istiqamətində mühüm nailiyyətlər əldə edilmiş, dövlət-sahibkar münasibətləri daha çevik, şəffaf və effektiv əməkdaşlıq modelinə çevrilib.

Biznes mühitinin yaxşılaşdırılması, qanunvericiliyin və inzibati prosedurların sadələşdirilməsi, regionlarda sahibkarlığın təşviqi, vergi və maliyyə stimullarının genişləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və işgüzar əlaqələrin gücləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qeyri-dövlət sektoru ölkə iqtisadiyyatının və məşğulluğun əsas hərəkətverici qüvvəsinə çevrilərək dayanıqlı inkişafı təmin edir. Dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə ödənilən vergilərin 75,9 %-nin özəl sektorun payına düşməsi sahibkarlığın milli iqtisadiyyatın aparıcı qüvvəsi olduğunun göstəricisidir.

Eyni zamanda qlobal iqtisadiyyatda müşahidə olunan inflyasiya təzyiqləri, maliyyə bazarlarındakı dalğalanma, logistika zəncirlərində dəyişikliklər və regionda baş verən geosiyasi proseslər yeni çağırışlar formalaşdırır. Bu şəraitdə Azərbaycan sahibkarları çevik adaptasiya, innovasiya və rəqəmsallaşma yolu ilə rəqabət qabiliyyətlərini artırmağa çalışır, ixrac potensialını genişləndirir və yeni bazarlara çıxış imkanlarını dəyərləndirirlər.

Dövlət tərəfindən göstərilən davamlı dəstək, xüsusilə sənayeləşmə, aqrar sektorun modernləşdirilməsi, "yaşıl iqtisadiyyat"a keçid, azad edilmiş ərazilərdə biznes fəaliyyətinin təşviqi və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar sahibkarlar üçün yeni inkişaf platforması yaradır. Biz, sahibkarlar olaraq, bu imkanlardan səmərəli istifadə etməyi və iqtisadiyyatın şaxələndirilməsinə daha böyük töhfə verməyi hədəfləyirik.

Azərbaycanda formalaşmış azad bazar münasibətləri və sağlam rəqabət mühiti özəl sektorun inkişafı üçün geniş perspektivlər açmışdır. Bu mühitdə sahibkarlıq fəaliyyəti yalnız iqtisadi artımın deyil, həm də sosial rifahın, məşğulluğun və innovativ təşəbbüslərin əsas hərəkətverici qüvvəsinə çevrilməkdədir.

Möhtərəm cənab Prezident!

Biz ölkə sahibkarları olaraq Sizin rəhbərliyinizlə həyata keçirilən sosial-iqtisadi siyasəti qətiyyətlə dəstəkləyir, qlobal çağırışlara uyğun olaraq daha dayanıqlı, rəqabətqabiliyyətli və innovativ iqtisadiyyatın qurulması naminə üzərimizə düşən vəzifələri yüksək məsuliyyət və əzmlə yerinə yetirəcəyimizi bildiririk.

Müraciət 2026-cı il aprelin 29-da Bakıda keçirilmiş, 25 aprel – "Sahibkarlar Günü"nə həsr olunan "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda konfransda qəbul edilib".