Yuriy Yuzıç: "Ukrayna və Azərbaycan gənclərinin mübadiləsi sisteminin yaradılması vacibdir"

Yuriy Yuzıç: "Ukrayna və Azərbaycan gənclərinin mübadiləsi sisteminin yaradılması vacibdir" "Ölkədə bir neçə skaut təşkilatı fəaliyyət göstərir. PLAST - Ukrayna Milli Skaut Təşkilatı isə ölkəmizdəki, o cümlədən postsovet məkanındakı ən böyük gənclər təşkilatıdır".
Xarici siyasət
7 Avqust , 2021 14:53
Yuriy Yuzıç: Ukrayna və Azərbaycan gənclərinin mübadiləsi sisteminin yaradılması vacibdir

Ukraynanın gənclər hərəkatında aparıcı Ukrayna Milli Skaut Təşkilatının (PLAST) sədri, tarixçi ekspert Yuriy Yuzıçın “Report”un Şərqi Avropa bürosuna müsahibəsi.

- Təşkilatınız və son vaxtlardakı fəaliyyətiniz barədə nə deyə bilərsiniz?

- Ölkədə bir neçə skaut təşkilatı fəaliyyət göstərir. PLAST - Ukrayna Milli Skaut Təşkilatı isə ölkəmizdəki, o cümlədən postsovet məkanındakı ən böyük gənclər təşkilatıdır. İnqilabdan sonra qarşımızda ölkəni yenidən qurmaq məsələsi dayanarkən gənclər qrupları yaradıldı, mən də ekspert kimi yardım edirdim. Bir neçə il əvvəl birləşmiş gənclər təşkilatını yaratdıq, - indi bu, Ukrayna Milli Gənclər Birliyi adlanır. Mən də orada İdarə Heyətinin üzvlərindən biriyəm, gənclər siyasətinin, ölkədə gənclər təşkilatlarının yaradılması istiqamətində çalışanlardan biriyəm.

- Ukraynada yeni mərhələdən keçən gənclər hərəkatını necə qiymətləndirirsiniz? Gənclər yenilənən Ukraynanın həyatına hansı töhfələri verə bilər? Sizcə, gənclər hərəkatının həm ölkənin daxili həyatında, həm də beynəlxalq münasibətlərdə rolu nədən ibarətdir?

- Təkcə Ukraynanın yox, bir çox ölkənin gənclər siyasətinin məqsədi yarımarjinal, hətta deyərdim, çox marjinal statusdadır. Bu, ona görə baş verir ki, bu məsələyə böyük diqqətin ayrıldığı Sovet İttifaqının süquta uğramasından sonra gənclər hərəkatının, faəl gənclərin birləşməsi və təşəbbüslərini inkişaf etdirmək, ideyalar vermək, onları həyata keçirmək imkanları əldə etməsi üçün faktiki olaraq heç bir infrastruktur yaradılmayıb. Bu səbəbdən düşünürəm ki, bu, təkcə Ukraynanın yox, ümumilikdə postsovet məkanının kontekstidir. Məsələn, Ukraynada gənclərin maksimum 2 faizi gənclər təşkilatlarında iştirak edir. Ekspert qiymətləndirməsinə baxsaq, buraya, təqribən, 30 min gənc insan daxildir. Amma bu, qanunun 14-35 yaş arası insanları gənclər kateqoriyasına daxil etdiyi, ümumilikdə, təxminən, 10,5 milyon gənci olan Ukrayna üçün çox aşağı rəqəmdir. Bu, bizdə təkcə gənclər yox, ümumiyyətlə, hər bir siyasətin çox ləng getməsinin səbəblərindən biridir. Avropaya tərəf də ləng addımlayırıq.

Müşahidə Şurasının rəhbəri olduğum bizim təşkilata gəlincə, hazırda onun 10 mindən bir qədər çox üzvü var. İstisnasız olaraq bütün regionlarda fəaliyyət göstəririk. Bütün vilayət mərkəzlərində uşaqlarla işləyən əməkdaşlarımız var. Amma təəssüflə qeyd etməliyəm ki, kənd yerlərində ümumiyyətlə, gənclər təşkilatları yoxdur. Bu səbəbdən PLAST gənclərin cəlb edilməsi, onların qiymətləndirilməsini və demokratik mühitdə olduqlarını hiss etməsi üçün səylə çalışır. Ukrayna Milli Gənclər Birliyi də boş yerə yaradılmayıb. PLAST ölkə üzrə 150-dən çox yerli təşkilatın cəmi deməkdirsə, Birliyə 600-700 belə təşkilat daxildir.

SSRİ-dən sonra bizə sovet infrastrukturu miras qalıb və təəssüf ki, bu infrastruktur ötən əsrin 80-90-cı illərindəki kimi işləyir. Buna görə də hələ inqilabdan əvvəl digər təşkilatlardan olan dostlarla bu sahəyə diqqət ayırırdıq, gənclər haqqında qanunlar yazmağa başladıq. Çünki bundan öncəki sosialist düçüncə, təffəkkürlə yazılmışdı. Qanunu yazmaq çox çətin başa gəldi. İnqilabdan sonra onun layihəsi hazır olsa da, parlament əvvəlcə nəyisə qəbul etmək istəmirdi. İndi isə xoşbəxtlikdən gənclərlə bağlı artıq yeni qanunumuz var. Artıq ölkədə gənclər günü də fərqli tarixdə qeyd olunacaq. 1994-cü ildəki fərmanla SSRİ-də qeyd olunan gənclər gününün tarixi saxlanılmışdı, ancaq bugünlərdə Prezident Volodimir Zelenski yeni fərman imzalayaraq bu günün bütün dünyada olduğu kimi, avqustun 12-də - Beynəlxalq Gənclər Günündə qeyd olunmasını təsdiqlədi.

Gənclər siyasətimizin konsepsiyası elə qurulub ki, məktəbdən sonra gənc insan hansısa işlə məşğul olsun, özünü təhlükəsizlikdə, qiymətli hiss etsin. Bu səbəbdən yeni qaydalarda həm də tipik gənclər mərkəzlərinin əsasnaməsini hazırladıq. Son dörd ildə ölkədə 300-dən çox gənclər mərkəzləri yaradılıb. Burada gənclər bir növ öz məkanlarını yaradır. Bu, yeni dizayndır.

İki vacib problemə toxunmaq istəyirəm. Ölkəmizdə mərkəzlərin və işçilərin sayı azdır. Gənclərin eşidilməsi çox vacibdir, çünki hardasa yeni bir iş görüləndə daha təcrübəli, daha yaşlı insanlar öndə olur və öz gənclik dövrlərində gördüklərinə əsaslarnırlar. Amma müasir gənclər zamanla daha yaxşı ayaqlaşır, onların təklifləri də qulaqardına vurulmamalıdır.

Daha bir vacib məqam gənclər siyasətində az pulun olmasıdır. Avropa ölkələrini təhlil etsək, görərik ki, orada orta hesabla bir gəncə ayda 40 avro ayrılır. Ukraynada isə bu rəqəm 10 qriven, yəni heç 1 avro belə deyil. Bu səbəbdən gənclər ölkəni tərk edir. Amma digər yandan da Ukraynada 10 milyon aktiv gəncin olduğunu nəzərə alsaq və hərəyə 10 qrivendən belə hesablasaq, böyük məbləğ, təxminən, ildə 4 milyon ABŞ dolları edir. Bu səbəbdən yeni gənclər qanununda gənclərə dəstək verilməsinin yeni yollarını qeyd etmişik. Yeni qanunlarda Ukrayna Gənclər Fondunun yaradılması göstərilib. Fond gənclər siyasətinə toplana biləcək dövlət və qeyri-dövlət vəsaitlərinin toplanması və səmərəli istifadəsi üçün nəzərdə tutulub.

PLAST ilə bağlı isə onu deyə bilərəm ki, bizim uşaqlarla işləməklə bağlı üç proqramımız var. Birinci proqram 6 yaşadək uşaqlarla işi özündə ehtiva edir. İndi 50-yə yaxın belə “yuva”mız var. İkinci proqram 6 yaşdan 11 yaşadək olan uşaqlar üçündür. Bu, deyərdim ki, ən çətin proqramımızdır. Kiyevdə, məsələn, 500 uşaq bu proqramdan yararlanır. Proqramın əsas məqamlarından biri burada volontyorlardan istifadə olunmasıdır. Onlar heç tanımadıqları uşaqlar gündəlik məşğuliyyətlərdən savayı, ildə bir dəfə üç həftə müddətinə onlarla düşərgədə qalır, başqa sözlə, tətillərini uşaqlarla keçirirlər. Üçüncü proqram isə 12-17 yaşlı şəxsləri əhatə edir, təqribən 4,5 min yeniyetməni özündə birləşdirir. Onlar 135 qrup üzrə bölünüblər. Bu, bizim ən böyük aktivimizdir. Xüsusi qeyd edim ki, hazırda parlamentdə də PLAST-ın nəinki proqramlarından keçmiş, hətta təşkilatda yüksək vəzifələrində çalışmış deputatlar var.

- Göründüyü kimi, Ukraynada həm seçki, həm də inzibati orqanlarda aparılan kadr islahatlarında gənclərə üstünlük verilir. Təşkilatınızın üzvləri bu prosesdə nə dərəcədə iştirak edir?

- Təşkilatımızın, təqribən, 50-60 nümayəndəsi müxtəlif səviyyələrdə deputatdır, təkcə parlamentdə yox, həm də özünüidarəetmə orqanlarında təmsil olunuruq. Təşkilatımızda uzun illərdən qalma “şakər”in əlaməti olaraq partiyalararası mübarizə təəssüf ki, var və biz tədricən bunu aradan qaldırmağa çalışırıq. Çünki biz qeyri-siyasi təşkilatıq. İndi missiyamızı elə müəyyənləşdirmişik ki, gənclərin tərbiyəsi yolu ilə Ukraynanın yeni cəmiyyətini, yeni dövləti formalaşdırırıq. Bu səbəbdən təşkilatımıza üzv olan 18 yaşa qədər olan gənclərin heç biri siyasətə cəlb olunmur. PLAST üzvləri əsasən sosial yönümlü məsələlərdə fəallıq göstərir, məsələn, siqaret çəkməyin ziyanlı olmasını təbliğ edirik. PLAST-ın məqsədi siyasəti dəyişdirmək yox, əsas amalı Ukraynaya sadiqlik, başqalarına yardım olan təşkilatımızın əsasnaməsi əsasında kadr hazırlamaqdır. Bu, bizim əsas dəyərlərimizdir və insanları birləşdirir. Bu dəyərlər əsasında müxtəlif partiyalara mənsub olan gənclər belə ümumi məkanda innovasiyalar yaradırlar.

PLAST yetirmələri yerli və dövlət səviyyəsində xırda təkanlarla vəziyyəti dəyişir. Ancaq bunun daha sosial tutumlu, daha təsirli olması üçün, əlbəttə, təşkilatımızı azı 40 min üzvə qədər böyütmək lazımdır. Standartlara görə, skaut təşkilatlarının üzvləri, adətən, ümumi əhalinin 1-2 faizi qədərində olur. Yəni, təqribən, 500 min olmalıdır. Amma hazırkı rəqəmlər çox-çox azdır. Üzvlərimizin sayını çoxaltmaq üçün addımlar atırıq. Məsələn, vilayətlərdə gəncləri tərbiyə etmək, düşərgələr təşkil etmək məqsədilə kommunal resurs mərkəzləri yaradılıb. Bir neçə regionda isə belə mərkəzlərin yaradılması üzrə təşviqat işləri aparırıq. İşimizi düz qursaq, 400-500 minlik olmasa da, yaxın 10-20 ildə 100 min üzv səviyyəsinə çata bilərik. Amma hələlik arzum 40 minlik skaut “ordu”su görməkdir. Müqayisə üçün qeyd edim ki, Şərqi Avropada üzvlərinin sayına görə cəmi iki təşkilat daha böyük sayıla bilər. Bunlar 100-120 min üzvlə polyaklar və 60 minlik üzvlə çexlərdir. Sonrakı yerlərdə bizimlə bərabər macarlardır.

- Ukraynada xeyli sayda azərbaycanlı gənc yaşayır. Onlarla ünsiyyətiniz hansı səviyyədədir? Birgə işləriniz olurmu?

- Təəssüf ki, əməkdaşlığımız sıfırın da altındadır. Məlum olduğu kimi, müharibə şəraitindəyik və bu səbəbdən bizdə Rusiyanın xüsusi xidmət orqanları çox güclü işləyir. Onlar müxtəlif yollarla ukraynalı gənclərin dünyaya açılmasına mane olmağa çalışırlar. Hətta ölkəmizdə fəaliyyət göstərən Rusiyanın “Proksi” təşkilatı üzdə Ukrayna dəyərlərini bəyan etsə də, fakt odur ki, rəqib strukturdur, sovetdən qalma insanlardır. Məqsədləri Ukrayna gənclərinin beynəlxalq gənclər hərəkatına çıxışı imkanlarının qarşısını almaqdır. Bu siyasət hələ ötən əsrin 90-cı illərindən aparılır. Bu barədə ayrıca mövzu kimi danışmaq olar.

Azərbaycana, Azərbaycan xalqına böyük hörmətim var. Azərbaycanlılarla və Azərbaycan təşkilatları ilə münasibətlərin inkişafında maraqlıyıq.

- Azərbaycan və Ukrayna gəncləri arasında birgə əməkdaşlıq perspektivi üçün nə təklif edə bilərsiniz?

- Azərbaycanda gənclər siyasətində başverənləri anladığım qədər, düşünürəm ki, ekspert yardımı təklif edə bilərik. Çünki bilirəm ki, bizdə də, sizdə də, elə vaxtilə SSRİ-nin tərkibində olmuş digər Şərqi Avropa ölkələrində də gənclər siyasətində postsovet standartları tətbiq olunub. Amma Maydandan sonrakı illərdə bu sahədə bizdə yeniliklər çox olub, Avropaya daha çox yaxınlaşmışıq.

Ekspert yardımını da elə-belə demədim. Biri var, Almaniya və ya digər ölkədən ekspertlər gəlsin və özlərində olanı tətbiq etməyə çalışsınlar, gender məsələləri qabartsınlar, cinsi azlıqların haqlarının tanınmasını önə sürsünlər, biri də var, yerli dəyərlərə bələd olanlardan nəsə eşidib öyrənəsən.

Bir məqamı da qeyd edim ki, 2014-cü ildə biz sıfır səviyyəsində idik. İndi əldə olunanlar son illərin məhsuludur. İndi yüzlərlə mərkəzimiz var. Azərbaycanın əlində olan və gənclər siyasətinə ayıra biləcəyi resurslarla isə buna daha tez nail olmaq olar. Çünki biz xarici dövlətlərin kiçik qrantları ilə bu infrastrukturu qura bilmişik və bu mərkəzlər artıq dəbə çevrilib.

Məncə, ukraynalı və azərbaycanlı gənclərin mübadiləsi sisteminin yaradılması vacibdir və da əla olardı. Bizim Polşa ilə belə əlaqələrimiz var. Özü də onlar bu işə ciddi pul ayırır – hər il milyon avro. Biz də milyon ayırırıq, amma qrivenlə... Ölkələrimizin nazirlikləri arasında əməkdaşılıq sazişi imzalansaydı və Azərbaycan nümayəndə heyəti Ukraynaya gəlsəydi, bizdə işlərin necə olduğunu, fəaliyyət mexanizmini canlı şəkildə görərdilər. Bununla da hansı təcrübədən yararlanmağın xeyirli olacağını müəyyənləşdirərdilər. Ekspert ünsiyyətindən savayı, məişət ünsiyyəti də gələcək üçün yaxşı əsaslar qoyardı.

Son xəbərlər

Orphus sistemi