Türkiyədə səfərdə olan hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti Antalya valisi Ersin Yazıcı ilə görüşüb.
"Report"un Antalyaya ezam olunan əməkdaşının xəbərinə görə, o, iki qardaş ölkə arasında möhkəm əlaqələrin qurulduğunu söyləyib.
E.Yazıcı tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmləndiyini xatırladıb.
Vali bildirib ki, xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması iki ölkəni həmişə bir-birinə doğma edib:
"Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyinin apardığı siyasətin nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun inkişafına, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir".
Ardınca Azərbaycandan gələn nümayəndə heyəti Kəpəz bələdiyyəsini ziyarət edib.
Nümayəndə heyətini qəbul edən bələdiyyə sədri Hakan Tütüncü Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamının önəmini vurğulayıb, türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstərildiyini söyləyib.
Görüşün davamında qarşılıqlı fikir mübadiləsi aparılıb, iki ölkə arasındakı əlaqələrdən bəhs edilib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputatlar Ramil Həsən, Aydın Mirzəzadə, Rəşad Mahmudov, Sevil Mikayılova təmsil olunurlar.