"Xocalı qətliamının soyqırımı kimi tanınması üçün tam hüquqi əsas var"

"Xocalı qətliamının soyqırımı kimi tanınması üçün tam hüquqi əsas var" Bu sözləri Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev deyib
Xarici siyasət
28 Fevral , 2015 22:23
Xocalı qətliamının soyqırımı kimi tanınması üçün tam hüquqi əsas var

Bakı. 28 Fevral. REPORT.AZ/ Xocalı qətliamının soyqırımı kimi tanınması üçün tam hüquqi əsas var.

"Report"un xəbərinə görə, bu sözləri Azərbaycanın İtaliyadakı səfirliyinin müşaviri Vüqar Hacıyev Azərtac, “Askanews”, “Radicale”, “İl Giornale”, “Geopolitica”, “Globalist” kimi kütləvi informasiya vasitələrinin jurnalistlərinin iştirakı ilə keçirdiyi mətbuat konfransında deyib.

“Soyqırımı” anlayışını mahiyyətini analiz edən diplomat bildirib ki, BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyasının ikinci maddəsinə əsasən etnik qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə onun üzvlərini öldürmək, fiziki və əqli cəhətdən ağır zərbələr vurmaq, həmin qrupun nümayəndələrini tamamilə və ya qismən məhvi ilə nəticələnən dözülməz vəziyyətlərdə saxlamaq soyqırımı hesab olunur. Belə ki, sadalanan bütün bu hallar Xocalı faciəsi zamanı azərbaycanlılara qarşı tətbiq olunub.

V.Hacıyev Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının “Prokuror Radislava qarşı” işində hər hansı əməlin soyqırımı aktı kimi tövsif edilməsi üçün etnik qrupun varlığına ciddi təhlükə yarada biləcək əhəmiyyətli bir hissəsinin məhv edilməsi şərtinin olduğunu xatırladaraq deyib: “Nəzərə alsaq ki, azərbaycanlıların sayına görə Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ikinci yeri tuturdu, bu zaman həmin bölgədə yaşayan azərbaycanlıların böyük bir hissəsinin məhv edilməsi niyyətinin olduğunu bəyan etmək olar. Xocalı soyqırımı həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqları üçün tamamilə məhv etmək niyyəti ilə qəsbkar ermənilər tərəfindən törədilib. Soyqırımının tarixi nümunələri göstərir ki, tam və ya qismən məhv etmək niyyəti (cinayətin məkan və qurbanların sayı baxımdan miqyası) canilərin əlində olan imkanlara görə ölçülür. Belə ki, Xocalıda əhalinin bir qisminin soyqırımından xilas olması erməni tərəfinin mərhəmətindən irəli gəlmir, sadəcə ermənilərin həmin şəxsləri öldürməyə müyəssər olmamaları ilə bağlıdır.

Mətbuat konfransında Xocalı faciəsi qurbanlarının guya azərbaycanlıların nəzarət etdiyi ərazidə öldürülməsi, faciə zamanı Azərbaycanın həmin dövrdəki rəhbərliyinin mülki əhalidən qalxan kimi istifadə etməsi kimi erməni cəfəngiyatları ilə bağlı italiyalı jurnalistlərin suallarına səfirliyimizin müşaviri foto və videomateriallar vasitəsilə cavab verərək, bu iddiaların tamamilə əsassız olduğunu sübut edib.

V.Hacıyev Ermənistan tərəfindən bu soyqırımına görə məsuliyyətin etiraf edilməsinin və Azərbaycan xalqından üzr istənilməsinin, işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasının xalqlar arasında barış üçün stimul ola biləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi