Xocalı faciəsinin 25-ci ildönümü Macarıstanda anılıb - FOTO

Xocalı faciəsinin 25-ci ildönümü Macarıstanda anılıb - FOTO Mərasimdə erməni cəlladlarının insanlıq əleyhinə cinayətlərindən söhbət açılıb
Xarici siyasət
26 Fevral , 2017 15:25
Xocalı faciəsinin 25-ci ildönümü Macarıstanda anılıb - FOTO

Budapeşt. 26 fevral. REPORT.AZ/ Azərbaycanın Macarıstandakı Səfirliyində Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar anım mərasimi keçirilib.

Səfirlikdən “Report”un Şərqi Avropa bürosuna verilən məlumata görə, əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bundan sonra səfirliyin müşaviri Qalib Həsənov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni separatçılarının tarixi Azərbaycan şəhərində dinc əhaliyə qarşı törətdikləri vəhşiliklər haqqında ətraflı məlumat verib. Budapeşt Biznes Məktəbinin azərbaycanlı magistri Emil Novruzov Xocalı soyqırımı ilə bağlı hazırladığı video-təqdimatı nümayiş etdirib. Budapeştdəki Azərbaycan diasporunun fəal üzvü, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva Xocalı həqiqətlərinin Macarıstana və digər Avropa ölkələrinə çatdırılması sahəsində xaricdə yaşayan soydaşlarımızın indiyə qədər gördükləri işlərdən danışb.

Türkiyənin Macarıstandakı Səfirliyinin birinci müşaviri Əlaəddin Çarık bildirib ki, Dağlıq Qarabağ münaqişəsi başlayan gündən Türkiyə Azərbaycanın yanında olub. O, Xocalı soyqırımının 25 illiyi münasibəti ilə Türkiyə Böyük Millət Məclisinin xüsusi bəyanatla çıxış etdiyini, ölkə miqyasında Azərbaycanla həmrəylik və Xocalı qurbanlarını anım mərasimlərinin keçirildiyini diqqətə çatdırıb.

Daha sonra anım mərasiminin iştirakçılarına belçikalı rejissor Mişel İvorun çəkdiyi “Ağdam. 5 fraqment” sənədli filmi təqdim olunub. Tədbirin sonunda çıxış edən səfir Vilayət Quliyev anım mərasiminə toplaşanlara təşəkkür edib. Macarıstanın Döndöş və Tisevaşvari şəhərlərinin işğal altında olan Azərbaycan şəhərləri Şuşa və Ağdamla qardaşlaşdığını xatırladan səfir bunun macar xalqının və dövlətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətinin ifadəsi olduğunu diqqətə çatdırıb. Xocalı soyqırımını xüsusi bir qəddarlıq və amansızlıqla hazırlayıb həyata keçirənlərin indiki Ermənistan rəhbərliyində təmsil olunduğunu xatırladan səfir ermənilərin bu yolla Azərbaycan xalqının mübarizə əzmini qırmaq istədiklərinə diqqət çəkib. O, buna baxmayaraq düşmənin məkrinin baş tutmadığını, Xocalı soyqırımının hər bir azərbaycanlının ürəyində haqlı intiqam hissi alovlandırdığını qeyd edib və işğal altındakı bütün torpaqlarımızın mütləq azad ediləcəyinə inamını ifadə edib.

Anım mərasimi çərçivəsində tarix elmləri doktoru Həvva Məmmədovanın macar dilinə tərcümə edilmiş “Xocalı soyqırımı” kitabı iştirakçılara təqdim olunub. Qeyd edək ki, tədbirdə macar ictimaiyyətinin nümayəndələri, mətbuat təmsilçiləri, diplomatik korpusun üzvləri, Budapeştdə təhsil alan azərbaycanlı tələbələr və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi