Yuxarı
    Bağlamaq

    XİN rəsmisi: “Azərbaycan Suriya qaçqınlarına göstərilən humanitar yardım səylərinə töhfə verməyə çalışır"

    Hikmət Hacıyev: Humanitar fəlakətin uşaq, qadın və yaşlı insanlara mənfi fəsadlarını aradan qaldırmaq üçün atəşkəs təmin edilməlidir

    Bakı. 2 dekabr. REPORT.AZ/ "Azərbaycan Suriya böhranı ilə əlaqədar mövqeyini dəfələrlə bəyan edib".

    Bunu "Report"a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətin rəhbəri Hikmət Hacıyev Rusiyanın "Nezavisimaya Qazeta"da Azərbaycanın və bir sıra MDB ölkələrinin Suriyada sülhməramlı koalisiyaya qoşula biləcəyi barədə yer almış məlumatı şərh edərkən deyib.

    XİN rəsmisi bildirib ki, ilk növbədə humanitar fəlakətin uşaq, qadın və yaşlı insanlara mənfi fəsadlarını aradan qaldırmaq üçün atəşkəs təmin edilməlidir: "Bundan sonra böhranın siyasi həllini təmin etmək üçün bütün Suriya xalqının iradəsinə uyğun olaraq inkluziv siyasi proses başlamalıdır. Suriyanın ərazi bütövlüyü və siyasi vahidliyi təmin olunmalıdır".

    Onun sözlərinə görə, Azərbaycanın Suriyadakı sülhməramlı koalisiyaya qoşulacağı haqqında məlumatlar həqiqəti əks etdirmir.

    "Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı nəticəsində İkinci Dünya müharibəsindən sonra Avropanın ən böyük humanitar fəlakəti ilə üzləşən Azərbaycan Suriya qaçqınlarının humanitar problemlərini yaxından anlayır. Azərbaycan BMT və onun aidiyyəti ixtisaslaşmış təşkilatları vasitəsilə Suriya qaçqınlarına göstərilən humanitar yardım səylərinə öz töhfəsini verməyə çalışır" - Azərbaycan XİN-in rəsmisi bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi